Axtarış...

Paşinyanın gedişləri İrəvanı çıxılmaza salır... - GƏLİŞMƏ

Paşinyanın gedişləri İrəvanı çıxılmaza salır... - GƏLİŞMƏ

Ermənistanın baş naziri Nikol Paşinyanın məzuniyyətə çıxdığı haqda xəbər yayılıb. İstisna deyil ki, istirahətə o, fiziki yox, mənəvi yorğunluğa görə yollanıb. Yoxsa ki, cəmi bir ildir Ermənistanın sükanı arxasında olan, öz xalqına verdiyi cənnət vədlərinin, demək olar, heç birini həyata keçirə bilməyən inqilab rəhbərinə, 44 yaşlı enerjili baş nazirə ilin-günün bu vaxtında, xüsusən də təhlükəli rəqibin - Qarabağ klanının fəallaşdığı məqamda istirahətə çəkilmək nəyinə lazım?

Bu, daha çox toparlanmaq üçün aradan çıxmağa bənzəyir. Ola bilsin, Paşinyan bu yolla həm də ötən bir ildə onun üçün yığılıb qalan əsas suallara cavablardan qaçmağa çalışır. Bir növ “taym-aut” götürmək istəyir. Suallar isə həqiqətən ciddidir. Onlardan biri də erməni baş nazirin uğursuz xarici səfərləri ilə bağlıdır.

*****

İş ondadır ki, Paşinyanın nə Avropaya və uzaq Asiyaya (Çinə), nə də yaxın və qonşu İrana səfərləri blokada olan Ermənistana ciddi sərmayə yatırımına gətirməyib, işğalçı ölkə bu müddətdə nə Qərb, nə də Şərq investorları üçün cəlbedici məkana çevrilib. Paşinyan isə çox ümid edirdi ki, Ermənistan “məxməri inqilab” nəticəsində “demokratiya” çuxası geyən kimi ora xarici kapitalın axını başlayacaq. Yeni müəssisələr, iş yerləri açılacaq, nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi azalacaq, emiqrasiya zəifləyəcək, əhalinin həyat şəraiti yaxşılaşacaq, Ermənistan bölgənin “izqoy” (“tullantı”) ölkə statusundan, nəhayət, çıxacaq.

Bunların heç biri baş vermədi. Hətta erməni baş nazirin xaricdəki varlı erməni lobbisi ilə dil tapması da mümkün olmadı. Qərb ölkələrindəki, Rusiyadakı zəngin ermənilər belə, “demokratik” Ermənistana maraq göstərmir. Sadə səbəbə: sələfləri kimi Nikol Paşinyan da problemləri yaradan səbəblə deyil, nəticələrlə əlləşir. Səbəb isə çoxdan ortada: həlli uzanan Qarabağ konflikti və bundan dolayı davam edən müharibə vəziyyəti, İrəvanın Rusiya və Qərb arasında ikili oyunu, “iki stul” siyasəti.

*****

Bu fonda Paşinyanın uğursuz Çin səfərinin ardınca Qazaxıstan səfərinin də fiasko olması təəccüblü olmadı. İş o yerə çatdı ki, Nur-Sultanda (keçmiş Astana) Rusiya lideri Vladimir Putin Paşinyanla öncədən planlaşdırılan görüşdən nümayişkaranə şəkildə imtina elədi.

“Paşinyanın bu səfərinin çox uğursuz alınmasının bir neçə səbəbi var”. Bu sözləri politoloq Qabil Hüseynli Paşinyan-Putin görüşünün baş tutmamasına münasibət bildirərkən deyib (axar.az). Politoloqa görə, Rusiya həqiqətən də “hər yerdə yanğınsöndürən funksiyasını yerinə yetirmək istəyində olmadığını” göstərməyə başlayır.

“Putin artıq Paşinyanın qeyri-ciddi davranışlarından və onun təcrübəsizliyindən təngə gəlib. Nikol Paşinyan Nur-Sultanda olan Avrasiya İttifaqı sammiti çərçivəsində əvəlcədən razılaşdırılmış müəyyən məqamları pozmağa çalışıb. Bu məsələdə ən çox diqqəti çəkən məsələ odur ki, artıq İrəvan Moskva ilə münasibətdə özünü tələbkar aparır. Paşinyan Putinin sözləri ilə oturub durmamağa çalışır. Xüsusən də bu cür samitlərdə müstəqil dövlət başçısı olduğunu göstərmək üçün Paşinyan özünü həddindən artıq təkəbbürlü və lovğa aparır. Onun protokol qaydalarını düzgün mənisəməməyi və qaydalara əməl etməməyi dövlət başçıları ilə görüşlərdə ona qarşı ciddi tənqidlərə gətirib çıxarır. Bir sözlə, Paşinyanın davranışları onun Rusiya ilə münasibətinə ciddi təsir edir. Hesab edirəm ki, rəsmi Moskvanın bu davranışa cavabı çox sərt olub və buna görə də o, heç kimə demədən bu cür önəmli sammiti tərk edib”, - deyə o qeyd edib.

Politoloqa görə, baş verənlər Paşinyanın necə səriştəsiz, siyasətdən anlayışı olmayan biri olduğunu bir daha sübut edir.

“Onlar Paşinyana işarə edirlər ki, əgər sən sonadək bizimləsənsə, bizimlə razılaşırsansa və mövqeyin bizimlə üst-üstə düşürsə, onda özünü real, əsl müttəfiq kimi apar. Get Qərb ölkələrinin təşkilatlarına qoşul, amma çabalama”. Bunu isə AzNews.az-a politoloq Fikrət Sadıqov deyib.

Onun qənaətincə, baş verənlər Paşinyanın siyasi maraqlarına ciddi bir zərbədir. “Bununla ittifaqa üzv ölkələrin dövlət başçıları aydın şəkildə demək istədilər ki, sən bizimlə tam olmayana qədər biz səni müəyyən məsafədə saxlayacağıq. Yəni özünü yığışdır, konkret mövqe nümayiş etdir”, - deyə o əlavə edib.

*****

Mövzuya aid daha bir maraqlı məqam: bu arada bəlli olub ki, Rusiya İrana S-400 kompleksləri satmayacaq. Məlumatı “Bloomberg” agentliyi yayıb. Xəbərə görə, Rusiya bu addımı Yaxın Şərqdə daha böyük gərginliyin yaranma ehtimalının qarşısını almaq üçün atıb. Bundan az öncə V.Putin İrana ABŞ təzyiqləri ilə bağlı suala cavab olaraq, belə demişdi: “Biz yanğınsöndürən komanda deyilik ki, daim kimisə xilas edək. Xüsusən də haranı ki, orada bizdən az şey asılıdır”.

Ardinca məlum oldu ki, Moskva Tehrana S-400 verməyəcək. Bütün bunlar, şübhəsiz, İrana aydın mesajdır ki, Rusiyaya çox bel bağlamasın, Kremlin öz maraqları var. Bu, eyni zamanda vassal Ermənistana münasibətdə Rusiyanın heç də həmişə “yanğınsöndürən” rolu oynamayacağının anonsu sayıla bilər. Ən azından, İrəvan Qərblə Rusiya arasında “siçan-pişik” oyununa son qoyuncaya qədər...

“Bir gün Ermənistan Rusiya və Avropa arasında seçim etməli olacaq”. Bunu isə jurnalistlərə açıqlamasında Polşa-Ermənistan dostluq qrupunun rəhbəri, deputat Tadeuş Voznyak deyib. “Biz Ermənistanın dilemma qarşısında olduğunu anlayırıq, amma seçim qaçılmazdır. Əgər Ermənistan lazımi məsələlərlə bağlı zəmanət alsa, seçim çətin olmayacaq. Seçim imkanı hər zaman var. Məsələ onun nə dərəcədə yaxşı olmasıyla bağlıdır”, - deyə o bildirib.

*****

İstirahətə yollanan Paşinyanın ola bilsin, strateji seçim barədə, Ermənistanın düşdüyü ağır vəziyyətin səbəb-nəticə əlaqəsi barədə düşünməyə zamanı daha çox olacaq...
“Yeni Müsavat”


Daha çox xəbər

Şərh yaz