İrəvan-Qarabağ qarşıdurması dərinləşir: Müharibə üçün fürsət - TƏHLİL

İrəvan-Qarabağ qarşıdurması dərinləşir: Müharibə üçün fürsət - TƏHLİL

Qondarma Dağlıq Qarabağ Respublikası Ermənistanın baş naziri Nikol Paşinyana arxa çevirib.

Baş verənlər sübut edir ki, artıq Qarabağ separatçıları ilə Paşinyan arasındakı münaqişə açıq müstəviyə keçib. Belə ki, mayın 9-da Şuşanın işğal edilməsinin növbəti ildönümü münasibətilə təşkil olunan bayram mərasimləri zamanı qondarma “DQR”in “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyana istehza edib.

Şuşada jurnalistlər Balasanyandan son günlər təmas xəttində atışmaların artması haqda soruşublar, o, isə belə cavab verib: “Gedin, onu “lift danışıqlarının” aparıcısı Paşinyandan soruşun”.

Qeyd edək ki, Balasanyan bununla Nikol Paşinyanın ötən ilin payızında Qazaxıstan paytaxtındakı MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə baş tutmuş qeyri-formal görüşünə eyham vurub. Həmin sammit zamanı Əliyevlə Paşinyan təmas xəttində gərginliyin azaldılması, qarşılıqlı rabitə kanalının qurulması kimi məsələlərdə anlaşıblar. Söhbətin bir hissəsi də liftdə qalxarkən baş tutub.

Balasanyanın bu açıqlamasının əvəzində isə Paşinyan onu hədələyib. Paşinyan qondarma “DQR” rəhbəri Bako Saakyana xəbərdarlıq edib ki, Vitali Balasanyana özünü yığışdırmalı olduğunu çatdırsın. Paşinyan deyib ki, əks halda, gələn dəfə onunla başqa dildə danışacaqlar. Qeyd edək ki, Balasanyan Dağlıq Qarabağda “prezidentliyə” əsas iddiaçıdır. Paşinyan bundan əvvəl isə yazmışdı ki, ona bəzilərinin Qarabağı əksinqilab ocağına çevirmək istədiyi haqda xəbərlər çatır. Belə cəhd olsa, o, Qarabağı inqilab ocağına çevirəcək. Göründüyü kimi, Qarabağ separatçıları ilə Paşinyan arasında münaqişə getdikcə daha da dərinləşir. Burada “Qarabağ klanı”nın da rolu xüsusi vurğulanır. Nəzərə alsaq ki, Paşinyan hakimiyyətə inqilabla gəlib və o, hakimiyyətdə “Qarabağ klanı”nın əsas təmsilçisi olan Serj Sarkisyanı devirib. Bundan əlavə, Paşinyan klanın daha bir idarəedici üzvü olan, keçmiş prezident Robert Köçəryanı həbs etdirib. Bu da Paşinyanla separatçılar arasındakı münaqişəni daha da gərginləşdirib.

Maraqlıdır, Paşinyanla Qarabağ separatçıları arasındakı münaqişə hərbi qarşıdurmaya keçə bilərmi? Keçərsə, bu, Azərbaycana Qarabağı azad etmək şansı yaradacaqmı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə şərhində Paşinyanla separatçılar arasında münaqişəsinin səbəblərinə aydınlıq gətirib.

E.Şahinoğlu hesab edir ki, Paşinyanla separatçılar arasındakı münaqişənin hərbi müstəviyə keçməyəcəyi qənaətindədir: “Nikol Paşinyan hakimiyyətə gələndən indiyə qədər Qarabağ separatçılarının ona qarşı birmənalı münasibəti yoxdur. Onlar Serj Sarkisyanı və Robert Köçəryanı dəstəkləyirlər, çünki onları özlərindən bilirlər. Hər ikisi vaxtilə separatçılara rəhbərlik edənlərdir. Paşinyan hakimiyyəti isə onlardan birini həbs edib, biri isə həbs təhlükəsi ilə üz-üzədir. Baxmayaraq ki, Paşinyan Şuşaya gəldi, “Yallı” getdi, amma hər halda, separatçılarla Paşinyan hakimiyyəti arasında gözlə görünəcək qədər fikir ayrılığı var. Hətta iş o yerə çatdı ki, Qarabağ separatçılarının lideri Bako Saakyan Paşinyanı nəzərə almayaraq dedi ki, Köçəryanı bir neçə günlük həbsdən azad etmək lazımdır, o, “azadlıq” günündə iştirak etməlidir. Paşinyanın da sərt cavabı oldu ki, o, cinayətkarlarla eyni sırada dayana bilməz.

Görürük ki, bu sərt polemika davam edir. Amma hesab etmirəm ki, bu proses yekunda hərbi qarşıdurmaya gətirib çıxara bilər. Düşünürəm ki, biz özümüz bu məsələdən öz xeyrimizə istifadə etməliyik. Beynəlxalq aləmə göstərməliyik ki, hansı mənfur rejim Azərbaycan torpaqlarını işğal edib. Onlar, nəinki torpaqları azad etmək haqqında düşünmür, öz aralarında belə işğalla bağlı qovğaya gedirlər. Baxmayaraq ki, Paşinyan hər zaman separatçıların maraqlarından çıxış edir və deyir ki, danışıqlarda separatçıların lideri də çıxış etməlidir. Əslində, ilk baxışdan bu, separatçıların maraqlarına uyğun olmalıdır. Amma görürük ki, Paşinyanın Ermənistanın daxilindəki siyasəti separatçıları qane etmir.

Separatçılar deyir ki, Paşinyan niyə “Qarabağ klanı”nı boğur və siyasi səhnədən uzaqlaşdırmağa çalışır. Separatçıların dərdi də indi Qarabağ deyil, Ermənistanda klanın zəifləməsi ilə bağlıdır ki, ona görə də iki qüvvə arasında hazırda ixtilaf yaranıb. Amma yenə də düşünmürəm ki, bu ixtilaf hərbi qarşıdurmaya gətirib çıxarsın. Bütün hallarda indiki qovğadan istifadə edib öz məqsədlərimiz üçün istifadə etməyi də bacarmalıyıq”.

Elxan Şahinoğlu hesab edir ki, Paşinyanın Şuşa səfərindən sonra Azərbaycan üçün şans yaranıb: “Ümumiyyətlə, Paşinyanın Şuşaya təxribatçı səfəri və orada “yallı getməsi” üç məsələnin üzərindən xətt çəkdi. Birincisi, ermənilərin maraqlarına uyğun olan atəşkəs məsələsinin üzərindən xətt çəkdi. Bizim əsəblərimizlə oynayan tərəflə atəşkəsi qorumalı deyilik. İkinci, istəyirdilər ki, tərəflər arasında inam atmosferi yaransın. Paşinyan bunun da üzərindən xətt çəkdi. Üçüncüsü, danışıqlar prosesinin, nazirlərin son görüşündəki şifahi razılaşmanın üzərindən xətt çəkdi. Artıq bizim əl-qolumuzu heç nə bağlamır. Azərbaycan istənilən vaxt işğalçıya zərbələr endirib, onu masa arxasında oturmağa məcbur edə bilər. Bu siyasəti yürütməkdə heç kim bizə mane ola bilməz. Çünki onlar özləri bizi buna məcbur edir”.
Oxşar xəbərlər
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət