Axtarış...

Onları kim AKTİVLƏŞDİRİR? - Azərbaycan üçün "İvanaşvili layihəsi" hazırlayan kimlərdir?

Onları kim AKTİVLƏŞDİRİR? - Azərbaycan üçün "İvanaşvili layihəsi" hazırlayan kimlərdir?

Son zamanlar dünya miqyasında milyarderlərin siyasətlə maraqlanması, seçkilərə qatılması tendensiya halını alıb.

2012-ci ildə heç kimin gözləmədiyi halda iş adamı Bdzina İvanişvili Gürcüstanda siyasi meydana atıldı və onun rəhbərlik etdiyi “Gürcü arzusu” Partiyası parlament seçkilərində qalib gəldi.

Qeyd edək ki, hazırda Bdzina İvanişvili hakimiyyətdə heç bir post tutmur, ancaq hakim partiyanın sədri kimi siyasi proseslərə təsir imkanlarını saxlayır. Amerika Birləşmiş Ştatlarının (ABŞ) indiki prezidenti Donald Tramp da milyarderdir və o da siyasətə biznesdən gəlib. Tramp 2016-ci il seçkilərində ABŞ-ın prezidenti seçilib. Son vaxtlar azərbaycanlı milyarderlərin də siyasətə maraq göstərməsi müşahidə edilir. Bir müddət öncə Türkiyədə yaşayan “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun siyasətə gələcəyi ilə bağlı xəbərlər yayıldı. Bundan əvvəl azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, hətta hazırda həbsdə olan Söyük Sadıqov və digərlərinin siyasətə gələcəyi ilə bağlı müxtəlif zamanlarda fikirlər səsləndirilib.

Bir müddət əvvəl Rusiyada azərbaycanlılardan təşkil olunan Milyarderlər İttifaqı fəaliyyət göstərirdi. Bu İttifaq bu və ya digər formada siyasətə qarışır, bəzi siyasi qüvvələrə müxtəlif bəyanatlarla dəstək nümayiş etdirirdi. Amma hazırda Milyarderlər İttifaqı fəaliyyət göstərmir və bəzi zənginlər faktiki olaraq bu boş qalan yeri doldurmağa cəhd göstərirlər.

Belə ki, ötən gün Rusiya Azərbaycanlıları İttifaqı adlı yeni bir təşkilat təsis konfransını keçirilib. Toplantıya Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri aparılsın, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Bundan başqa Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfindən onlayn qaydada müzakirə ediləcəyi təklifi qəbul edilib.

İdarə Heyətinə Füzuli Məmmədov, Tofiq Rzayev, Mirkazım, Elşən Əliyev, Akil Mikaylov, Mais Cəfərov, Aydın Mehtiyev, Zahid Qocayev, Əli Kazımovun namizədliyi səsvermə ilə qəbul edilib.
Daha sonra Rusiya Azərbaycanlıları İttifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Ceyhun Əliyev bu posta Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovun namizədliyini irəli sürüb. Təklif qəbul edilib və azərbaycanlı milyarder Füzuli Məmmədov yeni yaranan təşkilatın sədri seçilib.

Maraqlıdır, azərbaycanlı milyarderlərin diaspor fəaliyyəti ilə kifayətlənməyib siyasətə gəlməyə də hazırlaşırmı? Onların siyasətə maraq göstərməsi nədən irəli gəlir? Biznesdə uğurlu olan bu adamlar siyasətdə də müvəffəqiyyət qazana bilərmi?

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Cebhe.info-ya açıqlamasında yeni təşkilatın sədrinin siyasi iddialarından danışıb. Onun sözlərinə görə, Füzuli Məmmədov şəxsi mənada ziddiyyətli reputasiyaya malikdir:

“Təşkilatlanma mərhələsində olan yeni təşkilatın siyasi yönümlü olacağını hələlik deyə bilmərəm. Nəticə çıxarmaqda tələsmək lazım deyil. Kasıb, oliqarx fərq etməz, hər kəsin siyasətlə, ictimai fəaliyyətlə məşğul olmaq hüququ var. Amma əsas şərt həm Azərbaycan, həm Rusiya dövlətinin mənafeləri çərçivəsində fəalliyyət göstərmək, hər iki dövlətin maraqlarının ortaq nöqtələrinə əməl etməkdir. Eyni zamanda Azərbaycan xalqının milli-mənəvi dəyərlərini üstün tutmaq şərtilə proseslərin aparılmasına böyük ehtiyac var. Yeni təşkilatın yaranma prosesində bizə hələlik çox şey məlum deyil. Şəxsən mənim üçün qaranlıq məqamlar var. Ortada fikir ayrılıqlarının olduğunu göstərən mənzərə var. Keçmiş Rusiya Azərbaycanlının Konqresinin rəhbərliyində olan şəxslərin, onun regional təşkilatlarının hamısının yeni yaranan təşkilatda təmsil olunub-olunmayacağı bəlli deyil. Bu suallar Azərbaycan üçün maraqlıdır ki, yeni yaranan təşkilat hansı nizamnaməyə, proqrama və fəaliyyət məramına malikdir? Onun əsl məqsədi nədən ibarətdir? Əlbəttə, Füzuli Məmmədov şəxsi mənada ziddiyyətli reputasiyaya malikdir. İndi demək olmaz ki, o, yeni yaranan təşkilatın rəhbərliyində özünü necə göstərəcək. Bütün hallarda proseslərin axırını gözləmək lazımdır”.

“Əsas məsələ siyasətdə qalmağı bacarmaqdır”

Aydın Quliyev bildirib ki, keçmiş Milyarderlər İttifaqı pərdəarxası maraq xatirinə yaranan qurum olub:

“Siyasətə gəlmək iddiası hər kəsdə bilər. Amma əsas məsələ siyasətə gəlmək iddiası yox, siyasətdə uzun müddət və səmərəli fəaliyyət göstərməyi bacarmaqdır. Köhnə Milyarderlər İttifaqı da sonradan məlum oldu ki, kampaniyaçılıq və hansısa pərdəarxası maraq xətrinə yaranan qurum idi. Hər kəs gördü ki, siyasətdə uzun müddət qala bilmədilər. İndi siyasətə gəlmək istəyən milyarderlərin, oliqarxların isə siyasətə gələ biləcəklərini və ya gələndən sonra nə qədər qalacaqlarını zaman göstərəcək”.

“Bunun ağır şərtləri var”

Aydın Quliyev deyib ki, siyasətdə qalmağın vacib şərti xalqın dəstəyini qazanmaqdır ki, bu da asan məsələ deyil:

“Ciddi problem ondan ibarətdir ki, siyasətə gəlmək istəyən şəxslər, qoşulmaq istəyən qruplar ilk növbədə xalqın dəstəyini qazanmağı bacarmalıdırlar. Xalqın dəstəyini qazanmağın isə çox ağır şərtləri var. Bu, milyarderlərin göstərdiyi fəaliyyətin xalqın gözündə şəffaf olmasından ibarətdir. Bu çox vacib şərtdir. Əlbəttə, fəaliyyəti şəffaf olan şəxslərin xalqın nüfuzunu qazana bilmə şansı çoxdur. Amma problemlərin həll olunması nöqteyi nəzərindən xalqa nəsə vermək gücündə olmağın özü çox böyük şərtdir. Heç də birmənalı şəkildə demək olmaz ki, hansısa milyarder, maliyyə imkanları çox böyük olan şəxslər xalqın problemlərini həll etməyə qadirdir. Şəxsi maliyyə imkanları xalqın problemlərinin həll edilməsi baxımından əslində həlledici deyil. Tarixdə çox siyasətçilər olub ki, özünün heç bir maliyyə imkanları olmaya-olmaya xalqın taleyində çox böyük rol oynayıblar. Elə varlı oliqarxlar olub ki, pulun köməkliyi ilə siyasətə gəlmək iddiasında olsalar da, praktikada heç bir nailiyyət əldə edə bilməyiblər. Xalqın reytinqini qazanmaq çətindir və kimin bunun öhdəsindən gələcəyini, kimin gələ bilməyəcəyini zaman göstərəcək”.



Şərh yaz