Axtarış...

Niyazinin mənzil-muzeyində Zülfüqar Hacıbəyovun xatirəsi anılıb

Niyazinin mənzil-muzeyində Zülfüqar Hacıbəyovun xatirəsi anılıb

Aprelin 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 135 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığından danışılıb, sənətdəki xidmətləri vurğulanıb.

Bildirilib ki, 1915-ci ildə yazdığı “Aşıq Qərib” operasında folklorumuzla Avropa musiqisini əlaqələndirən bəstəkar, öz librettoları əsasında yazdığı “Əlli yaşında cavan”, “Varlı”, “Evliykən subay” musiqili komediyalarında məişətimizdəki eybəcərlikləri, qadın hüquqsuzluğunu ifşa edib, dövrünün haqsızlıqlarını açıb göstərib.

Qeyd edilib ki, Zülfüqar Hacıbəyovun qədim məhəbbət dastanı əsasında yazdığı “Aşıq Qərib” operası zaman-zaman yeni nəsil opera müğənnilərinin yetişməsində böyük rol oynayıb. Bu əsər uzun illərdən bəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında yer alıb. Daim axtarışda olan Zülfüqar Hacıbəyov Niyazi ilə birgə ilk səsli Azərbaycan bədii filmlərindən olan “Almaz” filminin musiqisini yazıb.

Tədbir konsert proqramı ilə davam edib.



Şərh yaz