Axtarış...

"Mənim iş qabiliyyətim yoxdur, xəstəyəm" - GİLEY

"Mənim iş qabiliyyətim yoxdur, xəstəyəm" - GİLEY

Paytaxtdan fərqli olaraq regionlarda əhalinin güzəranın, sosial durumunun daha da pis olduğu hər kəsə bəllidir. Bir neçə il öncə, kəndlərdə sosial durumu ağır olan ailələr ünvanlı sosial yardım alıb, ailələrlərini güc-bəla ilə dolandırırdılarsa, artıq bu gün sosial yardım almaq da müşkülə çevrilib. İndi bu yardımı almaq üçün günlərdir “Asan xidmət”ə ayaq döyənlər var ki, hələ də buna nail ola bilmirlər. Sonda isə vətəndaş gedib-gəlməkdən yorulub, hətta bu yardımı almaqdan belə imtina etməli olur.

“Torpaq aktında qeydiyyatda olan adamlara görə hər ay pul ödəmək kənd cammatının üzərinə yükdür”

Ünvanlı sosial yardım almaq üçün gedib-gəlməkdən yorulan Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Səməd Sadıqov “Hürriyyət”ə dedi ki, əvvəl ünvanlı sosial yardım alırmış: “Prezident İlham Əliyevin sosial durumu zəif olan ailələrə ünvanlı sosial yardım verilməsi islə bağlı tapşırığı var. Mən də sosial durumu zəif olan ailə kimi bu yardımı alırdım. Ancaq bir müddətdir ki, yardımı kəsiblər. Yenidən müraciət etdikdə isə müxtəlif problemlərlə üzləşdim. “Asan xidmət”də ərizə forması almaq üçün pul verirsən, qeydiyyatdan keçirmək üçün kompyuterdə işləyənlərə pul verirsən, oradan belə bir cavab verdilər ki, get, öz torpağına sum kod al. Sum kod almağa gedəndə isə deyirlər ki, vöen açılmalıdır. Vöeni də mənə belə izah etdilər ki, bir torpaq aktında 10 nəfər varsa, hər bir adamın adına hər ay vöen üçün 10 manat 80 qəpik dövlət rüsumu ödəməliyəm. Yəni 10 adama görə ayda 108 manat ödəməliyəm. Mənim də iki uşağım var. Tutaq ki, iki uşaqla birlikdə mənm ailəmə 150 manat sosial yardım verəcəklər, onun da 108 manatını vöenə ödəyirəmsə, onda bu ünvanlı sosial yardım nəyə lazımdır ki? Mən bir torpaq aktı üçün vöen açıramsa, gərək, torpaq aktında qeydiyyatda olan adamların yerinə pul ödəyəm. Yəni artıq sosial yardım almaq üçün bu cür çətinliklər var. Mənim iş qabiliyyətim yoxdur, xəstəyəm. İki uşağım məktəbə gedir, kommunal pulu ödəyirəm, bu vəziyyətdə necə yaşamalıyıq? Biz hər il ayrıca torpaq vergisini veririk. Torpaq aktında qeydiyyatda olan adamlara görə hər ay pul ödəmək artıq kənd cammatının üzərinə yükdür. Ailədən ayrılıb çıxmış qardaş-bacılar da belə torpaq aktında qeydiyyatdadırsa, mən onların hər birinə görə ayda 10 manat 80 qəpik ödəməliyəm. Mən bu halda vöen açdıra bilmirəm. Buna görə də öz torpağıma sum kod ala bimirəm. Torpağa sum kod açdıra bilməyəndə isə ünvanlı sosial yardım üçün müraciət edə bilmirəm. Ünvanlı sosial yardımı alıb, torpaq aktında qeydiyyatda olanlara görə aylıq pul ödəcəyəmsə, bunun nə əhəmiyyəti var? Yaxşı olar ki, kənd camaatının güzəranını nəzərə alıb, hökumət qurumları bu məsələyə baxsınlar”.

“Sum nömrə sığorta olunan şəxsin qeydiyyat nömrəsi deməkdir”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəbhəri Fazil Talıblı “Hürriyyət”ə dedi ki, torpaq aktında olan hər bir adama görə aylıq ödənilən vergini bizim nazirliyə ödəmirlər: “O bizə aid olan məsələ deyil, Vergilər Nazirliyinə aid olan məsələdir. Qaydalarda torpaq pay mülkiyyətini təsdiq edən sənəd olmalıdır. O da torpaq aktıdır və yaxud kupçadır. Biz ünvanlı sosial yardım üçün müraciət edən torpaq payçıları olan vətəndaşların çətinliyini nəzərə alaraq sum nömrə ilə sənədləri qəbul edirik. Çünki çıxarış əldə etmək kiçik məbləğ deyil, o məhdudiyyəti artıq aradan qaldırdıq. Çıxarış almağa artıq ehtiyac yoxdur. Torpaq payçısı kimi sənədlərini təqdim etmək üçün vətəndaşa birinci sum nömrə əldə etmək lazımdır. Sum nömrə də həmin torpaq mülkiyyətçisinin vergi hesabına bağlı olur. Sum nömrəni almaq üçün vətəndaş sığorta olunan kimi mütləq Vergilər Nazirliyində qeydiyatdan keçməlidir və torpaqdan əldə etdiyi gəlirlərə görə ödəməsini həyata keçirməlidir. Sum nömrə almaq ödənişsizdir, amma çıxarışın xərci var. Sum nömrə sığorta olunan şəxsin qeydiyyat nömrəsi deməkdir. Əslində, torpaq payçısının Vergilər Nazirliyinə ödədiyi vəsait zaman keçəndən sonra özünə geri qayıdan məbləğdir. Onun sosial təminatı, pensiya hüquqları baxımından ödənilən vəsaitdir. Necə ki, biz maaşdan vəsait ödəyirik ki, gələcəkdə pensiya qismində geri qayıtsın. Həmçinin torpaq payçıları da o vəsaiti ona görə ödəyir ki, gələcəkdə pensiyaçı kimi dövlətə ödədiyi o vəsait sığorta olunan kimi ona geri qayıtsın”.

Maraqlıdır ki, bir torpaq aktında 10 nəfər varsa, hər bir adamın adına hər ay rüsum ödənilməsi nə dərəcədə doğrudur? Məsələni aydınlaşdırmaq məqsədilə Vergilər Nazirliyi ilə əlaqə saxlasaq da, təəssüf ki, nazirliyin saytında olan əlaqə nömrəsinə cavab verən olmadı. Yaxşı olardı ki, nazirlik torpaq payçısı olan vətəndaşlara bu barədə məlumat verəydi və kənd əhalisi nəyin doğru olub-olmadığını biləydi.( “Hürriyyət”)


Daha çox xəbər

Şərh yaz