Axtarış...

Aktrisa Yeva Qrin sirk tamaşalarında heyvanların çıxışının əleyhinədir

Aktrisa Yeva Qrin sirk tamaşalarında heyvanların çıxışının əleyhinədir
Məşhur amerikalı kinorejissor Tim Uolter Bertonun “Dambo” adlı yeni filmində əsas rollardan birini ifa edən aktrisa Yeva Qrin hesab edir ki, sirk tamaşalarında heyvanlar iştirak etməməlidir. AZƏRTAC xəbər verir ki, aktrisa bunu TASS agentliyinə müsahibəsində bildirib.

O deyib: “Bizim filmin heyvanlar çıxış etməyən sirkin tərəfində olması mənim xoşuma gəlir. Məncə, sirklərdə yalnız insanlar çıxış etməlidirlər. Məsələn, götürək “Cirque du Soleil” sirkini. Hər şey necə də gözəldir, əsl magiyadır. Hamımız istəyirik ki, heyvanlar xoşbəxt olsun, əziyyət çəkməsinlər”.

Yeni filmdə havada hərəkət edən akrobat rolunu ifa edən Y.Qrin vurğulayıb: “Kinematoqraf bizə başqa dünyalara baş vurmaq imkanı yaradır. Məsələn, filmdə siz havada hərəkətlər edən akrobat ola bilərsiniz. Amma bu rolu ifa etmək üçün dünyanın ən yaxşı sirk ustaları ilə çalışaraq, onların sənətini öyrənməlisiniz. Bu da özlüyündə inanılmaz bir işdir”.

T.Bertonun yeni filmi qulaqlarını qanad kimi çalaraq uçmağı bacaran Dambo adlı fil balası haqqındadır. Sirkin sahibi Maks Mediçi (Denni De Vito) yenicə doğulmuş fil balasının qəyyumluğunu iki uşağa (Niko Parker və Finli Hobbins) tapşırır. Lakin bu qeyri-adi fil balası sahibkar Venderveri də (Maykl Kiton) maraqlandırır. O, öz şousunda Dambodan istifadə etmək istəyir...

Qeyd edək ki, heyvanları müdafiə hərəkatının üzvləri sirklərdə heyvanlardan istifadə olunmasına qarşı daim mübarizə aparırlar. Avropanın, demək olar, bütün ərazisində, Cənubi Amerika ölkələrinin çoxunda və ABŞ ştatlarının yarısından bir qədər azında heyvanların sirklərdə çıxışı qadağan edilib.



Şərh yaz