Axtarış...

Dövlət vəsaiti belə dağıdılır: - AMEA plagiat əsərlə bağlı niyə susur?

Dövlət vəsaiti belə dağıdılır: - AMEA plagiat əsərlə bağlı niyə susur?
Plagiat elmi əsərlər, müəllif hüquqlarının pozulması ilə ərsəyə gələn nəşrlərlə bağlı problem aktual olaraq qalır. Bildirək ki, bu kimi hallar təkcə müəllif hüquqlarının pozulması baxımından zərərli deyil, bu həmçinin ölkə elminə arxadan vurulmuş zərbə kimi dəyərləndirilməlidir. Son zamanlar anoloji hallara qarşı mübarizədə effektivlik artırılsa da həyata keçirilən tədbirləri tam olaraq yetərli saymaq olmaz. Hər halda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın dövlət vəsaiti hesabına nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti”nin sırf plagiat çıxması belə düşünməyə əsas verir.
Rubrika.az xatırladır ki, bununla bağlı ölkə mediasında səs-küylü məqalələr, təkzibolunmaz faktlar səsləndirilsə də nədənsə müvafiq orqanlar susmağa üstünlük verir. Sözügedən plagiat kitabla bağlı aparılan araşdırmalar zamanı ortaya çıxan mənzərə isə çox üzücüdür. Məsələn, məlum olub ki, S.Sadıqovanın plagiatlıq edən komandası təkcə Fəxrəddin Veysəllinin, eləcə də Musa Adilov, Zemfira Verdiyeva və Firəngiz Ağayevanın müəllifi olduqları lüğətlərdən köçürməyiblər. Aşkar olunub ki, onlar həm də üçüncü bir kitabdan – Musa Adilov və Aydın Paşayevin illər uzunu zəhmət çəkib ərsəyə gətirdikləri “Azərbaycan onomastikası” kitabından terminləri nöqtə vergülünə belə toxunmadan üzünü köçürüblər. Aşağıdakı bəzi nümunələr də göstərir ki, Dilçilik institutunun lüğət yazan əməkdaşları alim adına layiq olmayan davranışa yol veriblər. Kitabdakı çoxsaylı plagiat faktı barədə aydın təsəvvür yaratmaq üçün yalnız bir səhifədən seçmələri təqdim edirik.
Musa Adilovla Aydın Paşayevin yazdığı “Azərbaycan onomastikası” kitabı, səhifə 340:

ONİMİK FORMANT – Onimin tərkibində iştirak edib, onun bir onim kimi formalaşdığını, bu və ya digər sıraya, qrupa daxil olduğunu əks etdirən şəkilçi, köməkçi söz
S.Sadıqova və işçilərinin yazdığı “İzahlı dilçilik terminləri lüğəti”, səhifə 568:

ONİMİK FORMAT – Onimin tərkibində iştirak edib, onun bir onim kimi formalaşdığını, bu və ya digər sıraya, qrupa daxil olduğunu əks etdirən şəkilçi, köməkçi söz
Musa Adilovla Aydın Paşayevin yazdığı “Azərbaycan onomastikası” kitabı, səhifə 340:

ONİMİK LEKSEM – Konkret məzmundan asılı olmayaraq, dilin bir struktur ünsürü kimi onomastik model tərkibində iştirak edən onim funksiyalı söz. Ən çox yayılmış onomastik leksem növləri antroponimik leksemlər və toponimik leksemlərdir.
S.Sadıqova və işçilərinin yazdığı “İzahlı dilçilik terminləri lüğəti”, səhifə 568:

ONİMİK LEKSEM – Konkret məzmundan asılı olmayaraq, dilin bir struktur ünsürü kimi onomastik model tərkibində iştirak edən onim funksiyalı söz. Ən çox yayılmış onomastik leksem növləri antroponimik leksemlər və toponimik leksemlərdir.
Musa Adilovla Aydın Paşayevin yazdığı “Azərbaycan onomastikası” kitabı, səhifə 340:

ONİMİK LEKSİKA – Onomastik sözlərin (onimlərin) məcmusu. Onimik leksika adətən apelyativ leksika ilə qarşılaşdırılır. Onimik leksikanın ən çox yayılmış növləri antroponimik leksika və toponimik leksika hesab olunur.
S.Sadıqova və işçilərinin yazdığı “İzahlı dilçilik terminləri lüğəti”, səhifə 568:

ONİMİK LEKSİKA – Onomastik sözlərin (onimlərin) məcmusu. Onimik leksika adətən apelyativ leksika ilə qarşılaşdırılır. Onimik leksikanın ən çox yayılmış növləri antroponimik leksika və toponimik leksika hesab olunur.
Musa Adilovla Aydın Paşayevin yazdığı “Azərbaycan onomastikası” kitabı, səhifə 340:

ONİMİK MİKROSİSTEM – Adətən çox məhdud ərazidə, bir kənddə, obada məlum olanhər hansı xüsusi adlar sistemi. Yerli dialeiktlərin, coğrafi şəraitin, əhalinin etnik tərkibinin, o ərazidə baş vermiş tarixi hadisələrin, əhalinin dünyagörüşünün onimik mikrosistemə təsiri özünü göstərir. Buraya daxil olan antroponimik mikrosistem və toponimik mikosistem də fərqləndirilir.

S.Sadıqova və işçilərinin yazdığı “İzahlı dilçilik terminləri lüğəti”, səhifə 568:

ONİMİK MİKROSİSTEM – Adətən çox məhdud ərazidə, bir kənddə, obada məlum olanhər hansı xüsusi adlar sistemi. Yerli dialeiktlərin, coğrafi şəraitin, əhalinin etnik tərkibinin, o ərazidə baş vermiş tarixi hadisələrin, əhalinin dünyagörüşünün onimik mikrosistemə təsiri özünü göstərir. Buraya daxil olan antroponimik mikrosistem və toponimik mikosistem də fərqləndirilir.

Göründüyü kimi, elmi oğurluq faktı rəsmən ortadadır. Müəllif nöqtə-vergülə belə toxunmadan müxtəlif mənbələrdən köçürmələr hesabına “yeni kitab” yazıb. Bu isə Azərbaycan elminə, AMEA-ya, onun Nəsimi adına Dilçilik İnstitutuna heç də başucalığı gətirmir. Bu həm də dövlət büdcəsinin lazımsız istiqamətlərdə israfı kimi də nəzərdən keçirilməlidir.
Bütün bunları nəzərə alaraq Rubrika.az saytı olaraq mövzunu yenidən gündəmə daşımaq və baş vermiş rüsvayçı plagiat faktı ilə bağlı müvafiq orqanlardan tutarlı cavablar almağa çalışacağıq. Bu məqsədlə AMEA Nəsimi adına Dilçilik İnstitutunun, eləcə də digər aidiyyatı orqanların məsələyə münasibətini öyrnmək məqsədilə jurnalist sorğusu ilə çıxış edərək mövzuya yenidən qayıtmağı düşünürük.


Daha çox xəbər

Şərh yaz