Axtarış...

Bakı Metropoliteninə 7 yeni ventilyator gətirilir

Bakı Metropoliteninə 7 yeni ventilyator gətirilir

Cari il ərzində Bakı Metropolitenində istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar ötən il dünyanın aparıcı şirkətlərinin məhsullarının monitorinqi aparılaraq, yekun nəticə kimi, ən sərfəli, səmərəli və Bakı Metropoliteninin bütün tələblərini nəzərə alan variant seçilməklə, Rusiyanın “Artyomovsk Maşınqayırma Zavodu “Ventprom” SC ilə müqavilə bağlanılıb. Həmin saziş əsasında bu ilin mayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək. Bu yaxınlarda “Bakı Metropoliteni” QSC-nin nümayəndəsi Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində “Ventprom”un baş ofisində və səhmdar cəmiyyətinin Artyomvskda yerləşən zavodunda olub, sifariş edilən qurğuların zavod şəratində sınaqdan çıxarılması prosesində iştirak edib.

“Bakı Metropoliteni” QSC nümayəndəsinin tələbi ilə sınaq prosesi ventilyatorun qarşısında tuneli imitasiya edən aerodinamik boru quraşdırılaraq, qurğunun bütün texniki parametrləri yoxlanılmaqla aparılıb. Sınaqdan əvvəl isə idarəetmə lövhələrinin elementləri, avtomatik idarə sistemi, bütün nəzarət-məlumat ötürücüləri yoxlanılıb. Qurğuların istehsal texnologiyası, komplektləşdirici materialların keyfiyyəti analiz edilib. Yoxlamalar və aparılan sınaq prosesi sifarişçinin təqdim etdiyi texniki şərtlərin yerinə yetirildiyini təsdiq edib.

Ventilyatorlarun texniki göstəriciləri Bakı Metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Bu ventilyatorlar istismardan çıxarılan avadanlıqlarla müqayisədə quraşdırılacağı tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Əvvəlki avadanlıqlar saniyədə 20-30 kubmetr məhsuldarlıqla işləyirdisə, yeni avadanlıqların havalandırma imkanı saniyədə 60-70 kubmetrdir. Məhsuldarlığı ilə yanaşı, yeni ventilyatorların faydalı iş əmsalı, faydalı gücü, titrəyiş və səs-küy həddi və sair texniki göstəriciləri tələb olunan standartlara cavab verir.

2019-cu ildə tunel və stansiyaların təbii havalandırılması istiqamətində də yeni layihəyə start veriləcək. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının Bakı Metropolitenində tətbiqi imkanları, keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Yaxın vaxtlarda bu monitorinqin nəticəsində yekun qərarlar veriləcək və cari ildən bu istiqamətdə də əhəmiyyətli addımlar atılacaq.



Şərh yaz