Axtarış...

Şamaxıda zəlzələdən 132 ev kəskin qəzalı vəziyyətə düşüb - İcra Hakimiyyəti

Şamaxıda zəlzələdən 132 ev kəskin qəzalı vəziyyətə düşüb - İcra Hakimiyyəti

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 3000-ə yaxın ev və obyektə ziyan dəyməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət daxil olub.

Bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin Baş memarı Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, təkcə şəhər ərazisində 2043 evə ziyan dəyməsi barədə müraciət var: "Daxil olan müraciət əsasında şəhər ərazisində 1954 evə baxış keçirilib. Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 132-i kəskin qəzalı (dağılmış), 526 evin bərpası mümkün vəziyyətdə, 727 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 569 evin vəziyyəti qənaətbəxs hesab edilib".

R. Əliyev bildirib ki, hazırda komissiya rayonun kəndlərindən daxil olmuş məlumatlar əsasında evlərə baxış keçirməyə başlayıb: "Kəndlərdən komissiyaya 1000-ə yaxın evlə bağlı müraciət daxil olub. Hazırda həmin evlərə dəymiş ziyanla bağlı vaxış keçirilir".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.



Şərh yaz