Axtarış...

Azərbaycan niyə "SU-30SM" qırıcısından imtina etdi? – Hərbi ekspert

Azərbaycan niyə "SU-30SM" qırıcısından imtina etdi? – Hərbi ekspert

Ermənistanın Rusiyadan "SU-30SM" qırıcı təyyarələrini alması regionda qüvvələr balansına təsir etməyəcək. Çünki bu ölkənin hərbi aviasiyası olduqca zəifdir".

Bunu teleqraf.com-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın hərbi aviasiyasında əsasən, "SU-25"hücum təyyarələri üstünlük təşkil edir:

"Bu da az saydadır. Halbuki Azərbaycanın döyüş təyyarələrinin sayı Ermənistanın döyüş təyyarələrindən dəfələrlə çoxdur. Bu gün bizim Hərbi Hava Qüvvələrimizin arsenalında "MİQ-29", "SU-25", "SU-24" cəbhə-bombardmançı və digər döyüş təyyarələri mövcuddur. Eləcə də, konservasiya edilmiş "MİQ-25" döyüş təyyarələrimiz də var.

Onu da deyə bilərəm ki, Rusiya Ermənistandan əvvəl "SU-30SM" təyyarələrini Azərbaycana təklif etmişdi. Sadəcə olaraq, bizim şəraitə uyğun olmadığı üçün ondan imtina etdik. Yəni, ruslar dəfələrlə Azərbaycana gəlmişdilər və bu qırıcını bizə təklif etmişdilər.

Müzakirələrdən sonra məlum oldu ki, "SU-30SM" belə şəraitdə ciddi effekt verməyəcək. Bu qırıcılar hava döyüşləri aparılması üçün nəzərdə tutulub. Digər yandan, bu şəraitdə Azərbaycan hava döyüşü aparmır. Habelə Ermənistanın hərbi aviasiyası kiçikdir və digər qonşu dövlətlərlə də müharibə şəraitində deyilik".

Rəşad Süleymanov qeyd edib ki, Rusiya və digər ölkələr Azərbaycana müxtəlif tipli, daha müasir təyyarələr təklif edirlər:

"Bunlar Rusiyanın "SU-30SM" qırıcılarından daha mükəmməl təyyarələrdir. İsveç, Fransa və digər Avropa şirkətləri özlərinin ən müasir təyyarələrini Azərbaycana təklif edirlər. Eləcə də, Pakistandan yeni qırıcıların alınması da dəqiqləşir. Bu alınacaq təyyarələr Azərbaycanın şərtlərinə tamamilə uyğundur. Həmin təyyarələrin döyüş aparmaq qabiliyyəti olduqca mükəmməldir. Müxtəlif raketlər və aviasiya bombaları ilə təchiz edilə bilir.

Başqa sözlə, hesab etmirəm ki, Ermənistanın Rusiyadan alacağı 4 qırıcı bölgədə qüvvələr balansını dəyişəcək. Çünki Azərbaycanın hava hücumundan müdafiə sistemi Ermənistan ərazisindəki bütün uçuşlara (hərbi və mülki) nəzarət edir, onları izləyir və nəzarətdə saxlayır. Təhlükəli məqamlara qarşı isə ən mükəmməl müdafiə və hücum vasitələrinə malikdir.

Rusiya isə Ermənistana kreditlə daha çox silah verməklə bu ölkəni özündən asılı vəziyyət salır".


Daha çox xəbər

Şərh yaz