Axtarış...

Hadi Rəcəbli: "Yeniyetmələrin valideynsiz hotelə girişi belə qadağan olunmalıdır"

Hadi Rəcəbli: "Yeniyetmələrin valideynsiz hotelə girişi belə qadağan olunmalıdır"

Hotellərlə bağlı məsələni onların öz qaydaları, Dövlət Turizm Agentliyinin müəyyənləşdirdiyi qaydalar, onun əsasnaməsi tənzimləyir. Bu məsələ turizmlə bağlı yeni hazırlanmış qanun layihəsinin birbaşa predmeti deyil. Yəni, yeni qanun layihəsində hotellərlə bağlı müəyyən məqamlar nəzərdə tutulsa da, amma bu məsələ adıçəkilən qanunla tənzimlənməyəcək.

Millitv.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli hotellərlə bağlı məsələnin parlamentin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş "Turizm haqqında" yeni qanun layihəsi ilə tənzimlənib-tənzimlənməyəcəyi məsələsinə aydınlıq gətirərkən bildirib.

Qeyd edək ki, son bir neçə ayda Azərbaycanın bir sıra məşhur hotellərində zorlanma hadisələri, xüsusilə, yetkinlik yaşına çatmayan 14 yaşlı qıza hotel əməkdaşlarından biri tərəfindən təcavüz edilməsi olayı yaşanıb və bu, cəmiyyətdə, mediada geniş rezonansa səbəb olub.

Onu da qeyd edək ki, ailəli şəxslərin, ərlə arvadın hotellərdə qalması üçün onlardan şəxsiyyət vəsiqəsinin və nikah kağızının tələb edilməsi fonunda, bu cür halların hansı və necə şəraitdə baş verməsi, onların önlənməməsi cəmiyyətdə, medaiada haqlı narazılıq və suallar yaradıb.

H. Rəcəbli də hotellərdə zorlanma, cinsi istismar hallarının, o cümlədən son günlərin müzakirələrinə çevrilən yetkinlik yaşına çatmayan qızın hotellərdən birinin əməkdaşı tərəfindən təcavüzə məruz qalmasının artıq cinayət faktı, cinayət hadisəsi və bunun daha çox cinayət qanunvericiliyinin predmeti olduğunu bildirib.

"Bunlar çox böyük təəssüf və narahatçılıq doğurur. Hər birimiz bundan narahatıq. Hotellər bu məsələdə çox ciddi ölçülər götütməlidirlər, hotelçiliyə yaraşmayan halları aradan qaldırmalıdırlar. Təbii ki, bunu bütün hotellərə şamil etmək olmaz, bunlar istisna təşkil edir. Amma bütövlükdə belə hallara yol verilməməlidir. Eyni zamanda, hotellərlə bağlı məsələni onların öz əsasnaməsi və qaydaları daha çox tənzimləyir, yəni, bu məsələ turizmlə bağlı qanun layihəsinin predmet deyil.

Dünyanın bir çox yerlərində hotellərdə ərlə arvadın orada qalması üçün həm kimlikləri, həm də nikah kağızları tələb olunur. Bəzi ölkələr də var ki, orada ərlə arvaddan nikah sənədləri tələb edilmir. Amma bütün hallarda hotelə daxil olan, orada qalan insanların qeydiyyatı mütləq şəkildə olmalıdır.

Onlar mütləq kimliklərini göstərərək, qeydiyyatdan keçməlidirlər. Bununla yanaşı, yeniyetməlik yaşına çatmayanların valideynlərin iştirakı olmadan hotelə girişi belə qadağan olunmalıdır. Onlar ancaq valdeynlərinin iştirakı ilə hotelə daxil olmalı və ya orada qalmalıdırlar.

Ancaq bununla belə hesab edirəm, son hadisə artıq cinayət hadisəsidir və bunda günahı olanlar hamısı qanun qarşısında cavab verməli, sərt şəkildə cəzalandırılmalıdırlar", - komitə sədri əlavə edib.



Şərh yaz