Axtarış...

"Mehman Hüseynov olmasaydı, başqa bir "qurban" tapılacaqdı"

"Mehman Hüseynov olmasaydı, başqa bir "qurban" tapılacaqdı"

Azərbaycanda məhkum olunan şəxslərin ətrafında zaman-zaman böyük kampaniyalar qurulur, hətta ölkə səviyyəsindən kənarda beynəlxalq müstəvidə bu müzakirələri davam etdirirlər. Bu fürsətçilərin bir strategiyasıdır, problem olmasa belə onu yaradıb, ətrafında kampaniya qurur, ya da mövcud problem həddən artıq şişirdirlər.

Bu sözləri publika.az-a açıqlamasında Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, məhkum olunmuş şəxslə bağlı ölkə Prezidentinə müraciətlərin hamısına həssaslıqla reaksiya verilib:

"Hüquq müdafiəçiləri olaraq dəfələrlə məhkum olunmuş şəxslərlə bağlı ölkə Prezidentinə müraciət etmişik, əfv haqqında əsasnaməyə uyğun olaraq vəsatət qaldırmışıq, onların əksəriyyətinə diqqət yetirilib. Prezidentin əfvlə bağlı sərəncamları zamanı həmin müraciətlərimiz nəzərə alınıb. Bu nə birinci, nə də sonuncu hal deyil. Bəzən mətbuatda Mehman Hüseynovla bağlı hüquq müdafiəçilərinin Prezidentə müraciətini ilk dəfə yaşanan hal kimi təqdim edirlər. Ancaq bu, doğru deyil.

Mehman Hüseynovun aclıq aksiyasına başlaması ilə bağlı xəbərlər yayılandan sonra bir qrup hüquq müdafiəçisi onunla görüşdük. O bizim yanımızda qida qəbul edirdi, artıq aksiyanı dayandırdığını dedi. Həmin görüşdə özü bizə bildirdi ki, video müraciətinin hazırlanıb, rəhbərliyə çatdırılmasını istəyir. Biz onun bu istəyini təmin etdik. Onun əsas istəyi mart ayında cəzası başa çatandan sonra azad edilməsi ilə bağlı müraciət etməyimiz idi. Biz də razılaşdıq. Bu məsələnin hüquqi yolları da var idi. Bu gün Baş Prokurorluq tərəfindən Mehman Hüseynova qarşı cinayət işinə xitam verilməsi ilə bağlı məlumat yayılıb. Hətta cinayət işinə xitam verilməsə idi, o martın 2-də həbsdən çıxacaqdı. Çünki onun həbsdə müddətinin davam etməsi üçün başqa qərar yox idi. Düzdür, onun barədə istintaq işi aparıla bilərdi. Bu zaman o, azadlıqda olacaqdı, sadəcə paytaxt hüdudlarından kənara çıxa bilməyəcəkdi. Bu mənada Mehman Hüseynov məsələsi ətrafında yaradılan ajiotaja ehtiyac yox idi. Yeni iş davam etsə idi, Mehman Hüseynov martın ikisində azadlığa çıxacaqdı. Lakin bu hadisə ətrafında necə kampaniya hazırlandı, hətta onu tanımayanları belə bu prosesə cəlb etdilər, beynəlxalq şəbəkələrin əvvəldən hazır mexanizmləri işə salındı, Avropa Parlamentində məlum qətnamənin qəbuluna nail oldular. Hər kəsə məlum idi ki, Mehman Hüseynov olmasaydı, başqa bir "qurban" tapılacaqdı, olmasa belə onu yaradacaqdılar. Bu kampaniyanın qarşısını almaq üçün ən yaxşı addım həqiqətləri açmaq idi. Mehmanın özünün arzusu ilə biz bunu etdik. O özü ölkə Prezidentinə müraciət edəcəyini dedi".

S.Məmmədov bildirib ki, artıq Mehman Hüseynovla görüşə istintaq təcritxanası tərəfindən icazə verilməsi xoş məramın göstəricisi idi:

"Mehman Hüseynovla bağlı ölkə Prezidentinə müraciət bir müddətdir hazırlanırdı. Biz Prezidentin məsələlərə humanist münasibətini nəzərə alaraq müraciəti hazırlayırdıq. İstintaq orqanının bizim onunla görüşə icazə verməsi xoş məramın nümunəsi idi. Çünki onların razı olmamaq hüququ da var idi. Artıq cinayət işinə xitam verilib, Prezident iddia qaldıran tərəflə barışıq əldə olunmasını tapşırıq verib. Yəqin ki, yaxın zamanda bu barışıq olacaq. Sağ olsun dövlət başçısı, bizim müraciətimizə müsbət yanaşdı. Onun bu yanaşmasının nəticəsi artıq göz önündədir".

S.Məmmədov bildirib ki, ölkə başçısının Mehman Hüseynovla bağlı məsələyə belə humanist münasibətinə baxmayaraq onun qardaşı və Avropadakı şəbəkənin "işini" dayanmayacaq.

"Dünən Mehman Hüseynovun qardaşı Avropa Şurası Parlament Assambleyasına müraciət edib, təhqiqat aparılmasını təklif edib. O, məlum şəbəkənin üzvü olduğuna görə bu istiqamətdə işini davam etdirəcək. Sadəcə biz onun arqumentlərini əlindən aldıq. İndi yəqin ki, böhtan və digər istiqamətli addımlar atılacaq. Azərbaycana qarşı bu cür kampaniyalar olub və olacaq. Sadəcə bizim əks-təbliğat işimiz daha güclü olmalıdır".


Daha çox xəbər

Şərh yaz