Bəzi məmurlar xidməti limuzinləri ilə vidalaşmalı olacaq - Prezident fərmanı

Bəzi məmurlar xidməti limuzinləri ilə vidalaşmalı olacaq - Prezident fərmanı

Xəbər verildiyi kimi prezident İlham Əliyev idarəetmə strukturlarında genişmiqyaslı islahatlar başladıb. Bu islahatlar çərçivəsində bəzi dövlət strukturları ləğv edilir, yaxud digərlərinə birləşdirilir. Ləğv edilən bir neçə dövlət strukturunun əsasında yeni, vahid struktur yaradılır. Struktur islahatlarına dair növbəti fərman ötən gün imzalanıb.

Fərmanda yer alan mühüm bəndlərdən biri də bundan ibarətdir ki, prezident dövlət strukturlarında xidməti avtomobillə təchiz edilən məmurların siyahısına yenidən baxılmasını tapşırır.

Belə ki, fərmana əsasən prezident Nazirlər Kabinetinə 3 ay ərzində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməyi tapşırır. (8.7.1)

Habelə sənəddə bildirilir ki, (8.7.2.) bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi təmin edilməlidir. Və nəticəsi barədə prezidentə məlumat verilməlidir.

Fərmanın bu hissəsi ona görə mühümdür ki, Azərbaycanda xidməti avtomobillərlə bağlı vəziyyət doğrudan da əndazəni aşıb. Bəzən məmur özü üçün bir yox, bir neçə xidməti avtomobil alır. Yaxud xidməti avtomobillərdən məmurların şəxsi işləri üçün istifadə edilməsi geniş yayılmış və adi hal almış praktikdadır. Habelə dövlət strukturlarının yüksək vəzifəli şəxsləri özlərinə dəyəri yüz minlərlə dollar olan lüks xidməti avtomobillər sifariş verirlər, hansı ki, əksər hallarda belə strukturların fəaliyyət effektivliyi aşağıdır və işçilərinin əmək haqları cüzidir.

Məsələn, ötən gün məlum olmuşdu ki, yeni yaradılan Dövlət Reklam Agentliyinin rəhbərliyinin ilk işi 1.4 milyon manat dəyərində bir neçə lüks “cip” və digər avtomobillər almaqdan ibarət olub. Büdcədən maliyyələşdirilən dövlət strukturlarının əksəriyyəti vaxtaşırı olaraq bu cür xidməti avtomobillər sifariş verirlər. İndi isə prezidentin fərmanına əsasən bir çox məmurlar xidməti limuzinləri və cipləri ilə vidalaşmalı olacaqlar.
Virtualaz.org
Oxşar xəbərlər
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət