Axtarış...

"Bu faktın özü göstərir ki..." - GİLEY

"Bu faktın özü göstərir ki..." - GİLEY

Vəzifəsindən aslı olmayaraq Qarabağ uğrunda döyüşən hər bir veteranın ölkə vətəndaşı üzərində mənəvi haqqı var. Lakin bəzən elə hadisələr baş verir ki, nəinki həmin mənəvi haqq unudulur, hətta veteranın haqqına belə girilir. Qarabağ müharibəsi veteranı Qərib Məmmədxan oğlu Əliquliyev aylardır ki, bir qrup şəxsin məqsədli mənimsəmə siyasətinin qurbanına çevrilib. 1994-cü ildə Səbail rayonu Badamdar qəsəbəsində RİHB-nin müvafiq sərəncamı ilə 6 sot torpaq sahəsi alan veteran, 1999-cu ildə bacısı Solmaz Əliquliyevanın adına da 6 sot torpaq sahəsi alıb. Daha sonra ayrı-ayrı qohumlarının adına da 12 sot torpaq sahəsi alan Qərib Əliquliyev ehtiyacı olduğu üçün sahib olduğu torpaq sahəsinin 6 sotunu Əsgərov Sənan Əlihüseyn oğluna satıb. Veteranın əsl problemi də bundan sonra başlayıb. Torpaq sahəsini özəlləşdirmək məqsədilə müvafiq dövlət qurumuna müraciət edən veterana həmin əraziyə bələdiyyə tərəfindən müvafiq sənəd verildiyi bildirlir. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət edən veterana həmin sənədlərin əslinin arxivdə olmadığı haqda məlumat veriblər. Deməli cinayət baş verib. Dövlət sənədi bir qrup şəxs tərəfindən saxtalaşdırılıb. Lakin nədənsə ölkə məhkəmələri canını vətən uğrunda qurban verən veteranın haqq səsini eşitmir.

- Rəna Cəbrayılova saxta sənədlərlə torpağı əlimən almaq istəyir. Onun əri Məlikməmməd Cəbrayılov hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris işləri üzrə prorektordur. M.Cəbrayılov vəzifəsindən sui-istifadə edərək bütün instansiya məhkəmələrinə, hüquq-mühafizə orqanlarına təzyiq göstərir, onların doğru qərar verməsinə maneçilik yaradır. O, həmçinin himayədarlarına arxalanaraq məni öldürərək torpağıma yiyələnmək istəyir. – deyən veteranın müraciəti kifayət qədər SOS siqnalıdır.
- 24 oktyabr 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1830/2018 nömrəli qərarı ilə mənim və qohumlarımın şikayəti təmin edilmiş və bununla da Səbail rayon Badamdar Bələdiyyəsinin Səbail rayonu Badamdar qəsəbəsi yaşayış massivində olan 18 sot torpaq sahəsinin Rəna Cəbrayılovanın adına sənədləşdirilməsinə dair 26.12.2006-cı il tarixli, 226, 227 və 228 saylı qərarları ləğv edilib. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərarı əsasında Rəna Cəbrayılovanın əldə etdiyi saxta bələdiyyə sənədləri ləğv edilib. Məlumat üçün onu da deyim ki, hazırda Rəna Cəbrayılovaya məxsus 6 sot torpaq da, vaxtilə bacım Solmaz Əliquliyevaya məxsus olub. Həmin torpağ sahəsini mən Əskərov Əlihüseyn Sənan oğluna satmışam. Sonradan isə Ə.Əskərov qeyd olunan torpaq sahəsini Rəna Cəbrayılovaya satıb. Bu faktın özü göstərir ki, həmin torpaqlar əvvəllər mənə və qohumlarıma məxsus olub. R.Cəbrayılova və əri ADPU-nun prorektoru M.Cəbrayılov mənə və qohumlarıma məxsus qanuni torpaq sahəsini ələ keçirmək üçün bütün yollara əl atırlar. M.Cəbrayılov öz havadarlarının köməyi ilə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr tarixində mənim xeyrimə verdiyi qərarı ləğv etdirmək üçün bütün qanunsuz yollara əl atdı. 26 dekabr 2018-ci ildə Ali Məhkəminin hakimi Zakir Quliyevin qərarı ilə Bakə Apellyasiya Məhkəməsinin mənim xeyirimə verdiyi qərarı ləğv edildi, iddiam təmin edilmədi. Prezidentin apardığı siyasətə ziddi olaraq vətəndaşların haqlarını tapdalayan Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev olub. Belə ki, H.Mirzəyevin təzyiqi və tələbi ilə Z.Quliyev qanunsuz qərar qəbul edib. Mən müharibə veteranıyam, ölkəm üçün sağlamlığımdan ona görə keçməmişəm ki, kimsə mənim qanuni torpağımı əlimdən alsın. Əgər ədalət bərpa olunmasa, özümü Prezident Administrasiyasının qarşısında diri-diri yandıracam”.

Mərhum şair Məmməd Araz “vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” – deyirdi. Qarabağ qaziləri vətən daşını öz qanları ilə suvarıblar. Onlar sağlığında heykəllərini öz əməlləri ilə ucaldanlardır. İnanırıq ki, müvafiq dövlət qurumları qanunun tələblərinə uyğun olaraq qanuni qərar verəcəklər.
Mövzuya qayıdacağıq.

Adı çəkilən müəssisə və şəxslərində cavablarını dərc edə bilərik.
BakuNews.az


Daha çox xəbər

Şərh yaz