Axtarış...

Bakıda bahalaşma varmı? - HEÇ KİM BOYNUNA ALMIR...

Bakıda bahalaşma varmı? - HEÇ KİM BOYNUNA ALMIR...

Nazirlər Kabineti bir neçə gün əvvəl siqaret və digər tütün məmulatlarına aksiz vergisinin artırılacağı ilə bağlı məlumat yayıb. Bundan əlavə, Nazirlər Kabinetinin qərarı ilə enerji içkilərinin idxalına da gömrük rüsumları və aksiz vergisi tətbiq ediləcək. Qərarın qüvvəyə minəcəyi vaxtdan, yəni fevral ayının 10-dan etibarən adıçəkilən məhsullarda qiymət artımının olacağı gözlənilir.

Amma belə məlumat var ki, bəzi ərzaq idxalçıları yeni qərarın qüvvəyə minməsini gözləmədən tütün məhsulları və içkilərin, hətta ərzaq mallarının qiymətini qaldırıblar. Bakı şəhərinin müxtəlif yerlərində, xüsusilə dayanacaqların yanında quraşdırılan köşklərdə siqaretlər bahalaşıb.

Alıcıların sözlərinə görə, bütün siqaretlərdə 20-40 qəpik dəyərində süni artım müşahidə olunur. Bundan əlavə, un, ət, alkoqollu içkilər də yeni qiymətlərə təklif olunur. Məsələn, son aylarda 50 kiloqramlıq un kisələrin qiymətində unun növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Bir ay öncə 27 manata alınan un kisəsi indi 28.50 manata, "Karmen” unu 25.40 manatdan 27 manata qalxıb. İstehlakçılar isə bu səbəbdən çörəyin çəkisində müəyyən azalmaların olduğunu bildirirlər.

Virtualaz.org paytaxtın “28 May” metro stansiyası ətrafında bir sıra topdansatış mərkəzlərinə baş çəkib, qiymət artımı ilə maraqlanıb. Məlum olub ki, nəinki siqaret və içkilər, demək olar ki, bütün ərzaq mallarında cüzi də olsa artım müşahidə olunur. Amma əksər satıcılar heç bir məhsulun bahalaşmadığını deyirlər. Onların sözlərinə görə, qiymət artımı ancaq energetik içkilərdə gözə çarpır.

“Yəqin ki, siqaretlərdə və bəzi içkilərdə qiymət bahalaşması olacaq, çünki aksiz vergisi artırılıb. Amma hələ ki, əvvəl hansı qiymətə satırdıqsa, həmin qiymətə də satırıq. Ancaq energetik içkilərin qiyməti qalxıb. Bu içkilərin hazırki qiymətləri ölçüsündən asılı olaraq 3, 4 və 5 manatdır”, - deyə kiçik marketlərdən birinin satıcısı deyir.

Süleyman Rəhimov küçəsindəki ərzaq mağazalarından birində də satıcılar qiymət artımı ilə bağlı deyilənləri eynilə təkzib edirlər: “Bizdə qiymət dəyişikliyi yoxdur. Əvvəlki kodları dəyişmişik, ona görə də qiymətlər əvvəl necə idi, deyə bilmərəm”, - deyə satıcı sualımızı anlaşılmaz formada cavablandırır.

Nizami küçəsində yerləşən mağazada isə satıcı siqaretin alış qiymətinin artdığını, lakin satış qiymətinin dəyişmədiyini deyir: “Ola bilər siqaretlərin alış qiyməti artıb, yəni əvvəlkindən baha başa gəlir. Amma hələ ki, satış qiymətlərini dəyişməmişik”, - deyə satıcı bildirir.

Əslində, bu malların qiymətinin artırılması ilə bağlı məsələ keçən ilin sonunda - Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı geniş müzakirə olunurdu. Buna görə, yanvar ayının 1-dən etibarən bazar qiymətlərində artım müşahidə olunanda, belə bir "yeni il hədiyyəsi"nə heç kim təəccüblənmədi, yəni, əhali buna hazır idi. Lakin Nazirlər Kabinetinin qərarı bu məsələyə aydınlıq gətirdi. Belə məlum oldu ki, neçə vaxtdır müşahidə etdiyimiz artım əslində qeyri-qanuni qiymət artımı deməkdir. İşbazlar tərəfindən süni şəkildə qaldırılan qiymətləri isə gələn aydan, yəqin ki, heç kim aşağı endirməyəcək.



Şərh yaz