Azərbaycanda nazirliklərin sayı azala bilər... - Gözlənti

Azərbaycanda nazirliklərin sayı azala bilər... - Gözlənti

Prezidentin qeyd etdiyi kimi, idarəetmədə ciddi struktur islahatlarına ehtiyac var.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ciddi struktur islahatlarını anons etməsi haqda danışan millət vəkili Fazil Mustafa deyib.

“Məsələ hansısa komitə və ya qurumların birləşdirilməsi, ayrılması və ya yenilərinin yaranmasında deyil. İlk növbədə idarəetmədə mahiyyət dəyişməlidir. Prezidentin nəzərdə tutduğu da məhz budur. Ümumiyyətlə, bir millət vəkili olaraq rasional idarəetmə mexanizminin qurulmasına töhfə verə biləcək təkliflərim var. Sadəcə olaraq, onları hələ açıqlamaq istəmirəm. Çünki birləşdiriləcək və ya ayrılacaq qurumlarla bağlı təklifləri səsləndirməzdən öncə onların faydalılıq baxımından iqtisadi əsaslandırmasını aparmaq şərtdir”, - F.Mustafa bildirib.

Millət vəkili təhsildən tutmuş səhiyyəyə qədər, bütün sahələrdə dəyişiklikləri labüd hesab edib:

“Bundan başqa, ictimai iaşə sektorunda, turizmdə də xidmət səviyyəsi qaldırılmalıdır. Bu gün ölkəyə turizm axınının sürətlənməsi olduqca vacibdir. Çünki regionlara böyük yatırımlar qoyulub. Regionlarda icra hakimiyyəti ilə bələdiyyələrin uzlaşmayan tərəfləri var. Buna görə də bələdiyyələrin gücləndirilməsinə ehtiyac var. Bu baxımdan da müəyyən mənada aktivlik göstərə bilən və pul qazana bilən bələdiyyələr seçilməlidir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda idarəetmə sisteminin yenilənməsinə ehtiyacın olmasına dair müzakirələr yaxşı göstəricidir:

“Çünki iqtisadi sahədə atılan addımların ciddi effekt verməsi üçün köhnə idarəetmə sistemi də dəyişməli, yeni çağırışlara, qaydalara, yanaşmalara cavab verən strukturlar formalaşmalıdır. Paralel strukturların yaradılması prosesi ölkəmizdə uzun illərdir ki, davam edir. Yəni səlahiyyətlərin böyük bir qismi ASAN, ABAD, DOST kimi yeni yaradılmış agentliklərə ötürülsə də, ənənəvi nazirliklərdə də bu səlahiyyətlərə toxunulmur. Bu da dövlət aparatının şişməsi və çevikliyinin itirilməsi ilə nəticələnir. Yəni son iclasda göstərilən məsələlər onu deməyə əsas verir ki, artıq bu paralelliyə son qoyulması planlaşdırılır”.

N.Cəfərlinin sözlərinə görə, indiki vertikal prezident üsul-idarəsində Nazirlər Kabinetinin bir qurum kimi qalması getdikcə mənasızlaşır:

“Nazirlər Kabinetinin fəaliyyət göstərməsi və ayrıca bir qurum kimi qalmasına ehtiyac qalmır. Bununla bağlı Konstitusiya islahatlarına ehtiyac yaranıb. Yeni yaradılmış agentliklərin, dövlət qurumlarının birbaşa prezidentə tabe olması, Nazirlər Kabinetinin rüblük toplantılarının da prezident tərəfindən idarə edilməsi onu göstərir ki, daha ciddi və radikal addımların atılmasına ehtiyac yaranıb. Gələcəkdə Nazirlər Kabinetinin tamamilə ləğv olunması, ABŞ-da olduğu kimi, birbaşa prezidentə tabe olan, prezident tərəfindən idarə olunan dövlət qurumlarının yaranması və ciddi ixtisarların olması ehtimal olunur. Bu da idarəetmənin effektivliyinin artırılmasında çox ciddi rol oynayacaq. Bu addım ölkənin yeni bir mərhələyə keçidi üçün də vacib amillərdən biridir”.

İqtisadçının sözlərinə görə, indiki şəraitdə kiçik bir ölkədə 44-ə yaxın nazirlik və dövlət komitəsinin olması effektiv deyil:

“Ciddi islahatlara və birləşdirmələrə, sahələr üzrə bir mərkəzdən idarəolunma prinsipinə keçməyə ehtiyac yaranıb. Məsələn, yolların idarə olunmasının bir mərkəzə verilməsi və bu işlə məşğul olan dövlət qurumlarının bir mərkəzdə birləşdirilməsi idarəetmənin effektivliyinin artırılmasında ciddi rol oynaya bilər. Digər bir misal da çəkək. 11-ə yaxın müxtəlif dövlət qurumu, nazirliklərin tikintiyə müdaxilə, bu sahəyə nəzarətlə bağlı səlahiyyəti var. Yəni 11 dövlət qurumu, nazirlik və agentlik bu sahəyə nəzarətetmə funksiyasına malikdir. Ola bilər ki, tikinti sahəsində olan bütün qurumların bir mərkəzdə birləşdirilməsi və idarəolunması prosesi baş versin”.

N.Cəfərli qeyd edib ki, bütün fiksal orqanların - dövlət büdcəsinə ödənişlər həyata keçirən bütün qurumların bir mərkəzdə birləşdirilməsi məsələsi də gündəmə gələ bilər:

“Məsələn, gələcəkdə Gömrük Komitəsi Vergilər Nazirliyində bir departament kimi fəaliyyət göstərə bilər. Eləcə də digər sahələrə də bunu aid etmək olar. Həm sənaye, həm də istehsalla məşğul olan bir neçə dövlət agentliyi və nazirliklər mövcuddur ki, onların da bir mərkəzdə birləşdirilməsinə ehtiyac yaranacaq”.
Oxşar xəbərlər
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət