Axtarış...

TSEK rəhbərləri üçün “əcəl zəngi” – YOXLAMA HƏDƏFİNDƏ KİMLƏR OLACAQ?

TSEK rəhbərləri üçün “əcəl zəngi” – YOXLAMA HƏDƏFİNDƏ KİMLƏR OLACAQ?

Heç kimə sirr deyil ki, ölkədə saxta əlillik dərəcələrinin verilməsi, çox sayda vətəndaşın qanunsuz olaraq saxta əlilik dərəcələri alması kifayət qədər ciddi problemdir. Bütün bunlar isə şübhəsiz ki, müvafiq strukturların - rayonların tibbi-sosial ekspert komissiyalarının (TSEK) qanunsuzluq və özbaşınalıqlarından qaynaqlanır.

Rubrika.az xatırladır ki, bu kimi hallara qarşı mütəmadi olaraq mübarizə aparılıb, yol verdiyi nöqsanlara görə işindən çıxardılanlar da olub, həbsə gedənlər də. Bununla belə problemin aktuallığını hələ də qoruması həmin mübarizə üsullarının yetərli olmadığı təəssüratını yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bu posta təyinatından sonra isə neqativ hallarla mübarizənin effektivliyinin artırılacağına dair ümidlər yaranıb. Bu isə təsadüfi deyil, belə ki, nazir bir müddət öncə qanunsuzluqlara qarşı barışmaz olacağını şəxsən bəyan etmişdi.

Məlumat üçün bildirək ki, nazir çıxışlarında bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz: “Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”.

Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək.

Rubrika.az-a özəl mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, artıq bu istiqamətdə əməli addımların atılması və TSEK-lərdə ciddi yoxlamalara başlanılması nəzərdə tutulub. Yaxın zamanlarda vüsət alacaq təftişlərin hansı TSEK-ləri əhatə edəcəyi haqda da bilgilər verən mənbəmiz bunları söyləyib: “Yoxlamaların ilkin olaraq vətəndaşların daha çox narazılıq etdiyi qurumlarda aparılacağı qərarlaşdırılıb. Bütövlükdə isə proses ümumilikdə sistemi əhatə edəcək. Yaxın günlərdə isə İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı və Salyan-Neftçala regional TSEK rəhbərlərinin fəaliyyətinin ciddi surətdə araşdırılacağına şahidlik edəcəyik. Bu isə şübhəsiz deyil, adı çəkilən TSEK-lərdə neqativ hallarla bağlı daha ciddi şübhələr yaranıb və aparılan yoxlamaların əsas məqsədi həmin şübhələrin nə dərəcədə real olmasını araşdırmaqdır”.

Rubrika.az olaraq yuxarıda adı çəkilən TSEK-lərdə yaşanan qanunsuzluqlarla bağlı jurnalist təhqiqatına başlamışıq. Odur ki, yaxın günlərdə özündə real faktları əks etdirən araşdırma yazılarımızı oxumaq imkanınız olacaq.

Mövzuya qayıdacağıq.
0


Daha çox xəbər

Şərh yaz