Axtarış...

Daşkənddəki universitetdə Məhəmməd Füzulinin adını daşıyan mərkəz yaradılacaq

Daşkənddəki universitetdə Məhəmməd Füzulinin adını daşıyan mərkəz yaradılacaq

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzi yaradılacaq.

Təxminən bir il əvvəl mərkəzin statusu, onun dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıması, habelə gələcək fəaliyyətinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla universitetin rektoru, professor Şuxrat Siracəddinov arasında razılıq əldə olunub.

AZƏRTAC xəbər verir ki, AMM burada xüsusi tərtibat və dizayn işlərini həyata keçirəcək, mərkəzi ölkəmizə dair nəşrlərlə təmin edəcək. Mərkəzə xüsusi avadanlıqlar, əyani vəsaitlər veriləcək və burada xalqlar arasında dostluq görüşləri, mədəni-ədəbi əlaqələrə dair müxtəlif tədbirlər, habelə dövlət atributları və milli mədəniyyətimizə dair xüsusi stendlər yaradılacaq.

Mərkəzdə Azərbaycan dili və ədəbiyyatının tədrisi həyata keçiriləcək, ədəbiyyatımıza dair azərbaycanlı alimlərin, mütəxəssislərin iştirakı ilə mühazirələr, “açıq dərs”lər, sərgi və seminarlar təşkil olunacaq, buradakı kitabxanadan isə özbək gəncləri geniş faydalanacaq, eyni zamanda Azərbaycan dili kursları təşkil olunacaq.


Daha çox xəbər

Şərh yaz