Axtarış...

Bu il daha hansı banklar bağlanacaq? - GƏLİŞMƏ

Bu il daha hansı banklar bağlanacaq? - GƏLİŞMƏ

2018-ci ildə ölkənin maliyyə sistemində nəzərəçarpacaq dəyişiklik baş vermədi.Xüsusilə də bank sektorunda problemlər olduğu kimi qaldı, problemli kreditlərin həcmi artdı, kreditləşmə siyasəti inkişaf etmədi.Banklar maliyyə çatışmazlığı ilə üz-üzə qaldı. Bankların 2018-ci il fəaliyyətinə nəzər saldıqda açıq şəkildə görünür ki, bir neçə bankdan başqa digərləri ili zərərlə baş vurdu.

Bankların sağlamlaşdırılması prosesi də başa çatdırılmadı.Baxmayaraq ki, bunun üçün 2018-ci ilin sonuna qədər zaman verilmişdi.Amma dəyişən bir şey olmadı.

Manatın məzənnəsi də dəyişmədi. 2018-ci il məzənnə baxımından sabit oldu. Manat dollar qarşısında 1.70 çərçivəsindən çıxmadı, sabit qaldı.Bu iqtisadi sferada müəyyən qədər müsbət hal kimi dəyərləndirilir.Neft qiymətlərinin 2018-ci ilin son 2 ayı istisna olmaqla, kifayət qədər yüksək oldu.Bu da ölkənin maliyyə sektoruna, xüsusilə də manatın məzənnəsinin sabit qalmasına müsbət təsir edən amil oldu.Manatın məzənnəsinin sabit qalması, həm də bank sektoruna müsbət təsir göstərdi.Məzənnə dalğalanmalarının olmaması bankların müəyyən manevrlər etməsinə münbit şərait yaratdı.

Ekspertlər də 2018-ci ili iqtisadi baxımından müəyyən qədər sabit il kimi xarakterizə edirlər. Maraqlıdır, banklar 2018-ci ili necə başa vurdu və 2019-cu ildə bank sektorunda nələr gözlənilir?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində 2018-ci ili banklar üçün uğurlu saymadığını deyib:

“2018-ci ildə bank sektorunda müəyyən sabitlik yarandı. Ona görə ki, manatın məzənnəsi dəyişmədi, inzibati üsullarla da olsa məzənnə sabit saxlanıldı.Mərkəzi Bank müəyyən addımlarla, əsasən də “repo” (Depozit hərracları - müəl.) hərracları vasitəsilə banklara dəstək oldu.Həftəlik “repo” hərraclarında iştirak etməklə banklar müəyyən faiz dərəcələri ilə əllərindəki vəsaiti Mərkəzi Banka yatırmaqla müəyyən gəlir əldə edirdirlər.2018-ci ildə bankların gəlirlərinin əhəmiyyətli hissəsini məhz “repo” hərracları təşkil etdi.Manatın məzənnəsinin sabit qalması həm də problemli kreditlərinin artma sürətini azaltdı. Bununla da 2018-ci il bank sektorunda müəyyən sabitliyin yaranması ili kimi qeyd olundu. Amma bankların böyük əksəriyyəti hələ də zərərlə işləyir. 2018-ci ili də zərərlə başa vurdular. Banklarda kreditləşmənin sürəti hələ də qənaətbəxş deyil, kredit faizləri çox yüksəkdir.Bu da iqtisadi aktivliyin stimullaşdırılmasında rol oynamır.2019-cu ildə də əsas məsələ likvidiklik olacaq.Əgər manatın məzənnəsində bir dəyişiklik baş verəcəksə, bu zaman bank sektorunda növbəti ağır böhranın yaşanması gözlənilir.Nəzərə alsaq ki, manatın məzənnəsi neft qiymətlərindən asılıdır, son dövlər neftin dünya bazarında ucuzlaşması məzənnə dəyişikliyi ehtimalını artırır.2019-cu ildə kəskin devalvasiyanın olacağını düşünmürəm, amma 10-15 faiz ucuzlaşma olsa belə, bu bank sektoruna mənfi təsir edəcək”.

Bankların bağlanması məsələsinə də toxunan N.Cəfərli hesab edir ki, bu proses 2019-cu ildə davam etdirilməlidir:

“Bankların bağlanması prosesi davam etməlidir. Çünki zəif, çürük banklar bazardan çıxmalıdır.Sadəcə olaraq hökumət və Mərkəzi Bank bu prosesi düzgün idarə edə bilmədi deyə, bir panika havası yaşandı.Bankların bağlanması ağrılı yol olsa da, əslində doğru yol idi.Birdən-birə 11 bankın qısa müddət ərzində bağlanması panika havası yaratdı və insanların bank sektoruna inamını yerlə yeksan elədi.Bu da Mərkəzi Bankda bir çaşqınlıq yaratdı deyə, bu prosesi səngitdilər.Bu günə qədər süni nəfəslə verməkdə ayaqda saxlamağa çalışırlar.Halbuki onların ayaqda qalması iqtisadi göstəricilərinə, maliyyə vəziyyətinə görə mümkün deyil.Düşünürəm ki, növbəti 10-15 faizlik məzənnə dəyişikliyi olsa, həmin bankların ayaqda qalması artıq mümkünsüz olacaq. Bununla da bir neçə bankın 2019-cu ildə bağlanmasının şahidi ola bilərik”.

Natiq Cəfərli deyib ki, 2018-ci ildə bankların sağlamlaşdırılması üçün heç bir addım atılmadı. Ekspertin sözlərinə görə, sağlamlaşdırma prosesinin effektli olması üçün banklara 4 milyard civarında dəstək verilməlidir:

“Bununla bağlı proqram qəbul olunmalı idi, amma olunmadı. Əslində bankların sağlamlaşdırılmasında ən ciddi probleml ondan ibarətdir ki, bu prosesi həyata keçirmək üçün ən azı 3-4 milyard manat maliyyə lazımdır.

Həmin vəsaiti nə Mərkəzi Bank, nə büdcə, nə də Neft Fondu vermək istəmir.Düşünürlər ki, bu pul havayı gedəcək, bankların sağlamlaşdırılması elə də böyük effekt verməyəcək.Ona görə də düşünürəm ki, maliyyə mənbəyi tapılması üçün atılacaq addımlar, hazırlanan proqramlar, deyilən gözəl sözlər heç bir effekt verməyəcək.Əslində əsas problem məhz maliyyə mənbəyinin tapılmasıdır.Təqribən 1.7 milyard manat lazımdır ki, problemli kreditlər məsələsi həll olunsun, 2 milyard vəsait də lazımdır ki, banklar kreditləşməni sürətləndirsinlər və iqtisadi aktivliyin artırılmasında mühim rol oynasınlar.Bunlar baş verməsə, istənilən proqramın heç bir effekti olmayacaq”.



Şərh yaz