Axtarış...

Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadə yenidən meydan oxudu

Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadə yenidən meydan oxudu

Xəbər verdiyimiz kimi, Mübariz İbrahimovu təhqir edən psixologiya fakültəsinin tələbəsi Nərmin Şahmarzadə məhkəməyə verilib. Onunla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edən Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov tələbə xanımın qanuna müvafiq qaydada cəzalandırılmasını tələb edirlər.

Musavat.com mövzu ilə bağlı N.Şahmarzadə ilə söhbət edib. Xatırladaq ki, müsahibə messenger üzərindən, sualların yazılı formada göndərilməsi hesabına baş tutub. Ona görə də cavablardan yaranan əlavə sualları ünvanlamaq imkanı olmayıb.


-Sizi iki nəfər məhkəməyə verib. Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov qanuna müvafiq qaydada cəzalandırılmanızı tələb edirlər. Onlar qeyd edirlər ki, ən ağır formada cəzalandırılmalısız. Buna münasibətiniz necədir? Haqlı hesab edirsizmi?

-Mən düşünmürəm ki, ağır formada cəzalandırılmalıyam. Çünki burda heç kimə qarşı təhqir yoxdur. Ümumiyyətlə, təhqir olunası bir məsələ yoxdur. Mən heç kimi təhqir etmərəm. O qədər axmaq deyiləm ki, kimisə təhqir edim. Sadəcə olaraq, öz fikrimi bildirmişəm. Ümumən insanları səsləməmişəm ki, mən belə düşünürəm, siz də belə düşünün. Yox! Öz fikrimi bildirmişəm. Ona görə də 3 il azadlıqdan məhrum etmə cəzası kimi cəzalar mənə çox gülünc gəlir. Mən düşünürəm ki, bunu kifayət qədər lazımi yerlərdə tətbiq etmək lazımdır. Bu iş 3 ilə dəyəcək bir iş deyil. Ümumiyyətlə, cinayət deyil. Vəkillər də deyir ki, cinayət tərkibli əməl deyil.

Daha sonra bunun arxasında yatan nələrisə araşdırmağa çalışırlar. Nəzərə almırlar ki, bir insan bir fikri deyə bilər də. Bunun arxasında nəsə yatmalı deyil. Mən indiyə qədər çox status yazmışam. Amma bu, o demək deyil ki, mənə kimsə nəsə deyib. Hər hansı təşkilat və ya hər hansı fərd... Öz iradəmlə nəsə yaza bilərəm. Bu, mənim vətəndaş mövqeyimdir. Ümumiyyətlə, bizim insanlar terrorun nə demək olması üzərinə düşünmürlər. Hər hansı bir fikri o qədər qloballaşdırdılar ki... Qəhrəman anlayışı fərqli bir şeydir. Ümumiyyətlə, burada Xocalı və digər məsələləri nəzərdə tutmamışam. Video çəkib izah edirəm. Adamlar götürüb videonu ortadan kəsir, 30 saniyəsini yayıb, özlərinə sərf edən formada yayırlar. Mən izah etmişəm: Xocalı və müharibə şəraiti tamam başqa bir şeydir. Statusda da bunu yazmışam ki, onları nəzərdə tutmuram. Mənim demək istədiyim bu deyildi. Təəssüf ki, insanlar bunu tamam fərqli anladılar, tamam fərqli istiqamətə çəkdilər.

-Hər iki şəxs bu addımı atmadan öncə Mübariz İbrahimovun atası ilə danışdıqlarını və onun da "bu qadına xalq cavab verəcək" dediyini xatırladıb. Siz onun valideynlərindən üzr istəmişdiz. Necə düşünürsüz, atasının sizə qarşı münasibətini sərtləşdirməsi məhkəmə qərarına təsir edəcəkmi?

-Mən bu məsələnin Mübariz İbrahimovun atasına çatacağını düşünmürdüm. Çünki mənim yazdığım heç bir statusu bu qədər işıqlandırmayıblar, qabartmayıblar. Mən başa düşürəm ki, bu, bir oyun idi. Mən 7-ci sinif şagirdi ilə evlənən birinə "pedofil" dediyim üçün, sonradan qabartdılar. Halbuki məsələ ayın 5-6-da bitmişdi. O pedofil məsələsi yayıldı, onu yenidən gündəmə gətirdilər. Hər nə isə, məsələ o qədər böyüdü ki, gedib atasından müsahibə alıblar. Orda da ona deyiblər ki, mən onun oğluna "qatil" demişəm. Halbuki mən "qatil" ifadəsi işlətməmişəm. Sadəcə mən özümdəki qəhrəmanlıq anlayışı ilə bağlı bir şey demişəm. Atasının verdiyi cavab açığı, pis təsir elədi. Çünki o, yaralı insandır. Yaralı insana da bu kimi şeylər çox dəyə bilər. Ona görə də mən üzrxahlıq videosunu sırf valideynlərindən üzr istəmək üçün çəkdim.

-Araz Musayev iddia edib ki, psixoloq N.Şahmarzadə kimlərsə tərəfindən idarə edilir. Hətta bunu terror hadisəsi də adlandırıb. Bu iddiaya münasibətiniz?

-Mən başa düşürəm ki, bəzi insanlar planlı şəkildə oynayırlar. Onun valideynlərini ziyarət edirlər. Əslində burda məqsəd valideynləri deyil. Noldu, indiyə qədər valideynlərini ziyarət etməyən adamların, indiyə qədər heç bir şəhid ailəsinin qapısından içəri girməyənlərin birdən-birə vətənpərvərlik damarları, ruhları tutdu? Bu şey mənə çox saxta görünür, açığı. Mən belə hesab edirəm ki, bu, oyun idi. Ona görə də videonu sırf valideynlərindən üzr istəmək məqsədi ilə çəkmişdim. Yenə də deyirəm, atasına təkidlə bildirirlər ki, şikayət elə, biz sənə pulsuz vəkillik edəcəyik. Mən düşünürəm ki, bu insanlar özlərini təsdiq etməyə çalışırlar. Bunun altında yatan şey vətənpərvərlik deyil. Əgər vətənpərvərlik olsaydı, nə qədər şəhid anası, atası ağlar qalıb. Onlara kömək edərdilər. Onların lazımi yerlərdə haqqını tələb etməsi üçün pulsuz vəkillik edərdilər. Yoxsa ki, birini əsassız yerə 3 il həbs etmək istəyi çox utopik görünür. Fikrimi çatdıra bilirəm? 3 il cəza alacaq bir iş görməmişəm. Heç kimi təhqir etməmişəm. Mən Mübariz İbrahimovun atasına da "yaralı" deyəndə onun həssas olmasını nəzərdə tutmuşam. Kim nə deyir desin, Nərminin onun oğlunu qəhrəman hesab edib-etməməsi onunçün əsas məsələ deyil. Fakt odur ki, oğlu yanında deyil. Sırf o mənada qeyd etmişəm, başqa bir mənada yox.

-Dostluğunuzda xeyli erməni olması ciddi müzakirələrə səbəb olub. Sizi ermənipərəst qüvvə də adlandırırlar. Bu dostluqlar təsadüfi şəbəkə dostluğudur, yoxsa iddia olunduğu kimi, bunun arxasında ciddi simpatiya meylləri var?

-Neçə erməni var ki? Mən kosmopolitəm. Mənim dostluğumda ərəb, yapon, kürd, talış, ingilis də var. İnsan insandır. Mən demişəm ki, əlində, beynində heç kəsin qanı olmayan erməni mənim düşmənim deyil, amma təhrif etdilər ki, "Xocalını törədənlər necə sənin düşmənin deyil?!" Amma mən izah etdiyim başqa şey idi.


Daha çox xəbər

Şərh yaz