Axtarış...

XİN-də Tural Gəncəliyev müəmması - Məmmədyarov üçün gözlənilməz qərar

XİN-də Tural Gəncəliyev müəmması - Məmmədyarov üçün gözlənilməz qərar
Dünən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri seçilmiş Tural Gəncəliyev hələ rəsmi olaraq Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin birinci katibi vəzifəsində çalışmır.

BakuPost-un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, T. Gəncəliyev bu günlərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin birinci katibi vəzifəsinə təyin edilib və rəsmi olaraq birinci katib kimi vəzifəsinin icrasına hələ də başlamayıb.

Xarici işlər naziri Elmar Məmmədyarovun imzaladığı əmrə əsasən, T. Gəncəliyev birinci katib kimi vəzifəsinin icrasına gələn il yanvarın 7-dən başlayacaq. Bu fakt göstərir ki, T. Gəncəliyevin dünən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri vəzifəsinə gətirilməsinin həm onun özü, həm də E. Məmmədyarov üçün gözlənilməz olub.

Ombudsman Aparatında çalışmış T. Gəncəliyev daha sonra Azərbaycanın Kanada və Çexiyadakı diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə işləyib. Birinci katib təyin olunduğu Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi isə xarici işlər nazirinin sabiq müavini Xələf Xələfovun birbaşa tabeçiliyində olub.

T. Gəncəliyevin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin birinci katibi vəzifəsinə təyinatdan imtina edib-etməyəcəyi də hələ dəqiqləşməyib.

Qanunvericilikdə diplomatın həm də bir İctimai Birliyin, daha doğrusu QHT-nin rəhbəri olub-olamaması barədə konkret müddəa yoxdur. Lakin bununla belə, XİN-nin idarələrinin birində birinci katib postunu tutan şəxsin İcma rəhbəri kimi təqdimatı da suallar yarada bilər. Ona görə də bu barədə məsələ hazırda hökumətdə müzakirə olunur və yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, indiyə qədər "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin ofisi Şuşa rayon İcra Hakimiyyətinin binasında yerləşib. Bu da təbiidir. Çünki "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədrləri indiyə qədər məhz Şuşa rayon İcra Hakimiyyətinin başçıları olub. Ancaq indi fərqli durum yaranıb. Şuşa rayon İcra Hakimiyyətində də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin həmin binada fəaliyyətini davam etdircəyi, yaxud ayrıca bir ofisdə fəaliyyət göstərəcəyi barədə dəqiq məlumat yoxdur.


Daha çox xəbər

Şərh yaz