Axtarış...

Hələ əmrini gözləyən 20 icra başçısı var... - GƏLİŞMƏ

Hələ əmrini gözləyən 20 icra başçısı var... - GƏLİŞMƏ

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hökumətdə və idarəetmədə aparılan islahatlar fonunda bir neçə icra başçısı da vəzifəsindən azad edildi. Azad edilən icra başçılarının və digər məmurların yerinə əsasən gənc kadrlar gətirildi ki, bunu da ekspertlər müsbət qiymətləndirdilər. Hələ yay aylarında “Yeni Müsavat” qəzetində çap olunan təhlil yazısında bildirilirdi ki, təxminən 20-yə yaxın icra başçısının fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb və əmin olunub ki, artıq bir sıra yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar.

2018-ci ildə əhalinin narazı olduğu bir sıra icra başçısı vəzifəsini itirdi. Prezidentin sözügedən icra başçılarının vəzifədən azad olunmaları ilə bağlı sərəncamlarını ictimaiyyət də yüksək qiymətləndirdi.

Sonuncudan başlasaq, dekabrın 13-də Xətai rayonun icra başçısı Razim Məmmədov ölkə başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edildi. O, hələ vəzifəsindən azad edilməzdən öncə qanunsuz əməlləri barəsində mətbuatda çoxsaylı yazılar dərc edilmişdi. Xüsusilə də Razim Məmmədovun adı qanunsuz tikililərdə hallanırdı. Bildirilirdi ki, Bakının Xətai kimi iri rayonunda icra başçısı xeyli saysız-hesabsız qanunsuz tikililərə göz yumub, bu və ya digər səbəblərdən idarəçilikdə nöqsanlara yol verir. Bəs Məmmədov bu vaxta qədər hansı işlə məşğul olmuşdu?

Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub.

İlk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.

Prezidentin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi. Hələ ki onun yerinə hər hansı bir şəxs təyin edilməyib.

2018-ci il seçkilərindən sonra qanunsuz əməlləri barədə mətbuatda saysız-hesabsız yazılar dərc edilən Binəqədi rayonun icra başçısı Xaləddin İsgəndərov da vəzifəsindən azad olundu. Onun da adı qanunsuz tikililərdə, korrupsiya, rüşvət faktlarında, yararsız idarəçilikdə hallanırdı.

Bu ilin iyun ayında prezidentin sərəncamı ilə Ağdamın icra başçısı Raqub Məmmədov da vəzifəsindən azad edildi. İcra başçısı olmadan öncəki fəaliyyətinə gəlincə isə o, 1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlayb.1986-1987-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində ikinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində birinci katib 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləyib.

1993-2014-cü illərdə təhlükəsizlik orqanlarında xidmət edib. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olub.

İyun ayında həmçinin Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

Oktyabrın 5-də Beyləqan rayon icra başçısı Vaqif İdris oğlu Abdullayev prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi.

Oktyabrın 30-da Şamaxının icra başçısı Asif Ağayev prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi. Dövlət başçısının digər sərəncamı ilə A. Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Onun yerinə Tahir Məmmədov icra başçısı təyin olunub.

Məlum Gəncə hadisələrindən sonra xəsarət alan şəhərin icra başçısı Elmar Vəliyev avqustun 28-də tutduğu vəzifədən azad olundu. Prezidentin digər sərəncamı ilə Mingəçevirin icra başçısı Niyazi Müzəffər oğlu Bayramov da vəzifəsindən azad olundu. Digər sərəncamla o, Gəncəyə icra başçısı təyin olundu.

Avqust ayından dekabra qədər Mingəçevirə icra başçısı təyinatı olmadı. Yalnız dekabr ayının 17-də bu yazını hazırladığımız zaman ölkə başçısının sərəncamı ilə İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, İ. İsmayılov bu təyinatadək Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.


Daha çox xəbər

Şərh yaz