Axtarış...

Laçının gənc başçısı da etimadı doğrulda bilmədi... - İDDİA

Laçının gənc başçısı da etimadı doğrulda bilmədi... - İDDİA

Prezidentin yeni ildən bəzi icra hakimiyyətlərində kadr islahatlarını davam etdirəcəyi xəbərləri gəlməkdədir. Verilən xəbərdə deyilir ki, növbəsini gözləyən Laçın İH başçısı Aqil Nəzərlidir.

Hələlik Sumqayıt “kralı” Zakir Fərəcova arxalanaraq fəaliyyətini davam etdirən A.Nəzərlinin haqqındakı şikayətlər artıq dayaqlarının da geri çəkilməsi ilə nəticələnir.

Çünki Laçın kimi işğal edilmiş bölgədən bu qədər şikayət gəlməsi yaxşı hal deyil. Dövlətin strategiyası, daxili siyasəti var, düşmənlə informasiya müharibəsi aparırıq, ermənilərə Qarabağda Azərbaycanın tərkibində təhlükəsiz yaşamağa təminat veririk.

Bu halda Laçına A.Nəzərli kimi məmur rəhbərlik edəcəyi halda, hansı təminatdan söhbət gedə bilər? Axı o, öz vətəndaşlarına belə mane olur, problemlərini həll etmir, öz biznesini düşünür.

Bütün bunlar jurnalist fantaziyası deyil. Buyurun fakt: Ağcabədinin Taxta Körpü deyilən ərazisində məskunlaşan Laçının Minkənd kənd sakini Vəliyyəddin Məmmədov təsərrüfat qurub.

2008-ci ildən “Orxan-2008” fermer təsərrüfatı yaradan V.Məmmədov heyvandarlıqla yanaşı taxılçılığın inkişafına töhfə vermək istəyib. Təbii ki, bu da prezidentin qeyri-neft sektorunda görmək istədikləridir.

Ona ayrılan 200 hektar sahənin 60 hektarı Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə fermerə toxumluq taxıl istehsalı ilə məşğul olmaq imkanı verib.

V.Məmmədovun dediyinə görə, bir neçə il əvvələ kimi işləri yaxşı gedib. Bol məhsuldarlıq verən buğda növləri yetişdirib. Həm ailəsinin dolanışığı üçün, həm də xeyriyyəçilik məqsədi ilə yetişdirdiyi məhsuldan istifadə edib.

Məhsuldarlığı hər hektardan 60 sentnerə qaldıran fermer bir neçə ildir problemlərlə üzləşib. Üç il əvvəl Laçının icra başçısı müavini vasitəsi ilə mesaj göndərib ki, dövlət tərəfindən verilən subsidiyanı onunla bölüşməlidir. Fermer razılaşmayıb.

Bundan sonra rayon rəhbərliyi onunla intriqa aparmağa başlayıb. Onun istifadəsində olan torpaq sahələrini başqa fermerlərə satmağa girişib.

Bundan qabaq Laçının Vağazin kənd sakini Mürsəlzadə Bəxtiyar Əliağa oğlu isə A.Nəzərlinin yanacaq məntəqəsi, fermaları və super marketlərinin olduğunu açıqlamışdı.

Aqil Nəzərli məruzəsində özü etiraf edir ki, fəaliyyəti yarıtmazdır və dövləti aldatmaqda mahir yalançıdır.Belə ki, Laçının 76 min sakini olmasına baxmayaraq, 1552 nəfərlə görüşüldüyü iddia olunur.

Bu da ağ yalandır. A.Nəzərli bütün görüşlərinin şəkillərini saytlarda paylaşıb özünə bəy tərifi edir. Yada salaq ki, Laçının icra başçısı Aqil Nəzərlinin atası Ağaxan Nəzərovun böyük fermer təsərrüfatı var.

Başçının atası fermer kimi hər il yay mövsümündə heyvanları Daşkəsəndə yaylağa aparır.Onun əsas fəaliyyəti maldarlıqdır.

Burada çobanları, nəzarətçiləri işləyirlər. Hətta onlardan biri ilə mübahisə yarandığı və işdən azad etdiyi deyilir. İH rəhbərinin atasının biznesi fermaları ilə məhdudlaşmır.

Onun dükanları olduğu bildirilir. A.Nəzərov geniş səlahiyyətlərə də malikdir. O, hansısa məsələni yoluna qoymaq üçün icra başçısı olan oğluna çıxır, kiminsə işini görür. Bütün bunlar qarşılıqsız deyil.

Buna misal olaraq hefteaz.info saytının elektron poçtuna şikayət yazan Qarabağ əlilləri Laçin rayon Vağazin sakinləri Qasimov Mirələm Əhliman oğlu, Əhmədov Nadir Şükür oğlu, İsmayilov Yusif Əli oğlu,şəhid bacisi Hümbətov Bilqeyis Süleyman qizi, Laçin rayon Qarakeçdi kənd sakini və Xanlarov Mais Haci oğlunun dediklərini xatırlamaq olar.

Sitat: “Laçın rayonuna Aqil Nəzərlinin başçı təyin olunmasına sevindik ki, yəqin cavan olduğu üçün bizim problemlərimizə daha qayğıkeş yanaşacaqdır. Ancaq bu günə kimi nəinki problemləri həll etdi, əksinə yeni problemlər yaratdı.

Biz Qarabağ əlili olaraq onun qəbuluna getdik, bizə hər hansı köməklik etməyini xahiş etdik. O isə bizə hər dəfə atası Ağaxan kişinin şəxsi təsərrüfatına köməklik etməyimizi təklif etdi.

Bildirdi ki, əgər biz onun atasının və ya qardaşı Müqabil Nəzərlinin şəxsi təsərrüfatında işləsək onda bizə hər hansı maddi yardım edəcəyini bildirdi. Qeyd edək ki, icra başçısının atası və qardaşına məxsus çoxlu marketlər, yanacaqdoldurma məntəqəsi və ferması var”.

Bu faktlar göstərir ki, təkcə V.Məmmədovun subsidiyaları, torpaqları əlindən alınmayıb. Ümumilikdə A.Nəzərli fermer icra başçısıdır.

Qarabağ əlilləri yazmışdılar ki, A.Nəzərlinin atası Ağaxan kişi və qardaşı Müqabil Nəzərli Taxta körpü ərazisində fəaliyyət göstərən “Laçın petrol”un və marketin ofisində vətəndaşları qəbul edirlər.

Bütün idarə və müəsisə rəhbərlərindən yığılan pullar Müqabil Nəzərli tərəfindən çatdırılır. Hətta Müqabil Nəzərli çəkinmədən bildirir ki,guya qardaşının vəzifəyə gəlməsinə görə kiməsə “xərcin” çoxunu o çəkib.
xalqxeber.az



Şərh yaz