Axtarış...

Olimpiya mükafatçımız Azərbaycan çempionatında medalsız qaldı

Olimpiya mükafatçımız Azərbaycan çempionatında medalsız qaldı

Azərbaycan çempionatı başa çatıb.
Mediatv.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda kişi və qadınlarda yeddi çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Belə ki, kişilərdə Rəşad Yelkiyev (-60 kq), Orxan Səfərov (-66 kq), Rüfət Məmmədov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Süleyman Yaqubov (-100 kq) və Şahin Qəhrəmanov (+100 kq), qadınlarda isə Leyla Əliyeva (-48 kq), Gültac Məmmədəliyeva (-52 kq), Elmira Mustafayeva (-57 kq), Diana Şoranova (-63 kq), Günel Həsənli (-70 kq), Nuranə Muradova (-78 kq) və Aytəkin Paşazadə (+78 kq) qalib olub.
Millimizin üzvlərindən bəziləri bu yarışda medal qazana bilməyib. Nicat Şıxəlizadə (-66 kq) sonradan bürünc medal qazanan Nurlan Osmanova uduzaraq medalsız qalıb.
Maraqlısı budur ki, Olimpiya mükafatçımız Rüstəm Orucov da medal qazana bilməyib. Düzdür, o, qüvvəsini yeni çəkidə sınayıb. 73 kq-da yox, 81 kq-da çıxış edən Orucov yarımfinalda sonradan Azərbaycan çempionu olan Murad Fətiyevə uduzub. O, daha sonra bürünc medal uğrunda görüşdə Fəqan Quluzadəyə məğlub olub.
Daha bir millimizin üzvü Elmar Qasımov (-100 kq) da medalsız qalıb. O əvvəl yarımfinalda Süleyman Yaqubova, daha sonra Sənan Əhmədova uduzub.
Bu il Bakıda keçirilmiş dünya çempionatında gümüş medal qazanmış Uşanqi Kokauri (+100 kq) də qızıl medal qazana bilməyib. Gürcü legionerimiz finala kimi irəliləsə də, orda qarışıq komanda yarışlarında millimizin üzvü olan Şahin Qəhrəmanova qızıl xal hesabında uduzub.
Qadın millimizdə dünya çempionatının iştirakçısı olmuş Aişə Qurbanlı (-48 kq) finalda Leyla Əliyevaya uduzaraq Azərbaycan çempionatının gümüş medalı ilə kifayətlənib.
Monqolustanlı legionerlərimizdən Purevsuren Buyanxişiq (-52 kq) millimizin digər üzvü Gültac Məmmədəliyevaya finalda uduzub.
Digər monqolustanlı qadın idmançımız İçinxorlu Munxtsedev (-57 kq) də qızıl medal qazana bilməyib. O, yarımfinalda Səkinə Zayirovaya uduzub. Lakin daha sonra Munxtsedev bürünc medal görüşündən qalib ayrılıb.
Göründüyü kimi, millimizin üzvlərindən yalnız Orxan Səfərov, Məmmədəli Mehdiyev, Şahin Qəhrəmanov, Gültac Məmmədəliyeva və Günel Həsənli yalnız ən yüksək kürsüyə çıxa bilib. Bütün bunlar Azərbaycan çempionatında rəqabətin gücləndiyini və milli məşqçilərinin seçim imkanlarının çoxaldığını göstərir.



Şərh yaz