Axtarış...

Dubayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan sərgi keçirilir

Dubayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan sərgi keçirilir

Dubay şəhərinin mərkəzində Azərbaycanın BƏƏ-dəki səfirliyinin nəzdində cari ildə rəsmi açılışı planlaşdırılan Azərbaycan Ticarət Nümayəndəliyinin yerləşdiyi Ticarət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan gənc Azərbaycan rəssamlarının sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev, tanınmış rəssam Sakit Məmmədov, teleaparıcı və xeyriyyəçi Nuran Hüseynov (Hacı Nuran), gənc rəssamlar, BƏƏ-nin iş adamları, incəsənət xadimləri, səfirliyin, Ticarət Nümayəndəliyinin və baş konsulluğun əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, həyata keçirdiyi mühüm tədbir barədə məlumat verib. Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyini qeyd edən səfir bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan milli mədəniyyətinin inkişafında yeni dövr başladı. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması, təbliği və inkişafı istiqamətində mühüm addımlar atılıb. Ulu Öndərin milli mədəniyyətimizin təbliğinə dair ideyalarının həyata keçirilməsində ölkəmizin Birinci-vitse Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş genişmiqyaslı layihələr Azərbaycanın zəngin mədəniyyətinin dünyada geniş təşviqini təmin edir.

D.Şikarov sərginin Azərbaycan mədəniyyətinin təbliği ilə yanaşı, ölkələrimiz arasında münasibətlərin inkişafına da xidmət edəcəyini deyib. Eyni zamanda, diplomat Azərbaycan-BƏƏ münasibətlərinə də toxunaraq əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev öz çıxışında yaxın zamanda Dubayda ölkəmizdə istehsal olunan malları təşviq edən və eyni zamanda, ikitərəfli iqtisadi münasibətlərə təkan verəcək Azərbaycan Ticarət Evinin açılışının planlaşdırıldığını vurğulayıb. Bildirib ki, Ticarət Evinin nəzdində Azərbaycan istehsalı olan məhsulların satışı, nümayişi və marketinqi mərkəzi, həmçinin Azərbaycan mətbəxinin bu ölkədə daha da tanıdılması və burada yaşayan azərbaycanlı icmanın toplaşmasına şərait yaratmaq məqsədilə “Azərbaycan Evi” adlı restoran və kafe fəaliyyət göstərəcək.

Sərgidə iştirak edən ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti haqqında danışıb, sərginin Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində aparılan tədbirlərin tərkib hissəsi olduğunu vurğulayıb.

“Dirşəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barəsində bəhs edib, Mərkəz tərəfindən dünyanın bir sıra ölkələrində bu kimi sərgilərin təşkil edildiyini, bunun Azərbaycan mədəniyyətinin tanıdılması ilə yanaşı, gənc rəssamlar üçün stimul olduğunu bildirib.

Rəsmi açılış mərasimin sonunda səfir Daşqın Şikarov və ticarət nümayəndəsi Elnur Əliyev gənc rəssamlara fəxri diplomlar təqdim ediblər.

Sərgidə 25 rəssamın çoxsaylı əsərləri nümayiş etdirilib. Həmin əsərlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Gənc rəssamlar və dünyaca məşhur incəsənət xadimi Sakit Məmmədov sərgi iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Sərgiyə gəlmiş qonaqlara milli mətbəximizə məxsus şirniyyatlar, Azərbaycan istehsalı olan digər məmulatlar təklif olunub. Sərgi zamanı Nuran Hüseynov, Təranə Salmanova və Leyla Qurbanova Azərbaycan milli musiqi şedevrlərini royalda ifa ediblər.


Daha çox xəbər

Şərh yaz