Axtarış...

"Bizim kəndə bunu şamil etmirlər..." - GİLEY

"Bizim kəndə bunu şamil etmirlər..." - GİLEY

Son illər ölkədə istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülməkdədir.

Belə ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. “Azəriqaz” tərəfindən verilən məlumatlarda bildirilir ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2018-ci ilin yanvar-avqust ayları ərzində 2141,1km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 160,8 km qaz kəməri əsaslı təmir olunub: “Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Ağcabədi, Bərdə, Şəki, Göyçay, İsmayıllı, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında indiyədək “mavi yanacaq” almayan yaşayış məntəqələrinin qazlaşdırılması məsələsinə də toxunulub. Dövlət başçısı ümumiyyətlə, cari ilin sonuna qədər ölkədə qazlaşdırmanın 95 faizə çatmasının qarşıya vəzifə kimi qoyulduğunu vurğulayıb və bu məqsədə nail olunacağına inamını bildirib.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev cari ilin martın 5-də “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə SOCAR-a 100 milyon manat ayrılıb.
Amma “Azəriqaz”ın bölgələrdə istehlakçıların “mavi yanacaq”la təhciz olunması prosesində neqativ hallar da yaşanmaqdadir. AzToday.az-ın redaksiyasına daxil olan şikayətlər də təsdiq edir ki, bəzi bölgələrdə “Azəriqaz”ın vəzifəli şəxsləri dövlət başçısın göstərişlərinə əməl etməyərək, əhalini “qazlamaq” istəyir və prosesdən merkantil maraqlarını təmin etməyə çalışırlar.
Belə ki, Masallı rayonunun Xoşçobanlı kəndinin sakinlərinin verdiyi məlumata görə, kəndin təbii qazla təhciz edilməsi üçün onlardan pul tələb olunur. Artıq bununla bağlı sakinlər müvafiq qurumlara da müraciət ediblər.

Prezident İlham Əliyevə müraciət edən sakinlər dövlət başçısından Xoşçobanlı kəndinin təbii qazla təhciz edilməsi prosesini nəzarətə götürmək xahiş olunur:

“Cənab Prezident!

Dövlət proqramına uyğun olaraq Respublikanın bütün rayon və kəndlərinin təbii qazla təchiz olinması tərəfinizdən verilən müfavif tapşırıq və göstəriləriniz əsasında reallaşmaqdadır. Nədənsə, bu bizim kənddən yan keçmişdir. Belə ki, Masallı rayonun Xoşçobanlı kəndinə qaz çəkilişində süni əngəllər yaradılır, müraciətlərimizsə cavabsız qalmışdır. Qonşu kəndlərdə bu, Dövlət proqramı əsasında həyata keçirildiyi halda, bizim kəndə bunu şamil etmirlər. Qaz çəkilişinin ancaq kommersiya əsasında aparılacağında israrlıdırlar və bunun İcra başçısının göstərişi olduğu iddia olunur. Sərt qışsa, yəni sadə insanların qazsız məşəqqətli həyatı qapını kəsdirməkdədir. Bu mövzu ilə maraqlanmanızı və müvafiq ölçü götürülməsi üçün tapşırıqlar vermənizi xahiş edirik”.
Sakinlərin sözlərinə görə, ərazi icra nümayəndəliyinə daxil olan Mollahəsənli, Sığıncaq, Təklə və Ləngan kəndlərinin mavi yanacaqla təhciz edilməsi prosesində “Azəriqaz” yetkiləri heç bir problem yaratmadığı halda Xoşçobanlı kəndində evlərə qaz çəkilməsi üçün pul tələb edirlər.

Səslənən ittihamlarla bağlı “Azəriqaz” İstehsalat Birliyinin də mövqeyini dərc etməyə hazırıq.
AzToday.az



Şərh yaz