Axtarış...

Xalq artisti Həsən Turabovun 80 illiyinə həsr edilən tədbir keçiriləcək

Xalq artisti Həsən Turabovun 80 illiyinə həsr edilən tədbir keçiriləcək

Azərbaycan teatr və kino sənətinin parlaq nümayəndəsi, xalq artisti Həsən Turabovun 80 illiyinə həsr edilən anım mərasimi keçiriləcək.

"Report"un xəbərinə görə, noyabrın 15-də Akademik Milli Dram Teatrında baş tutacaq tədbiri Mədəniyyət Nazirliyi və adıçəkilən teatr birgə təşkil edəcək.

Tədbir çərçivəsində unudulmaz aktyorun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək.

Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən H.Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

Qeyd edək ki, Həsənağa Turabov 1938-ci il martın 24-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olan sənətkar, 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan obrazlar yaradıb. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu “Babək” filmində yaratdığı Afşin obrazıdır. Aktyor “Axırıncı aşırım”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da öz ifa tərzi ilə seçilir.

“Qanlı zəmi” filminin rejissoru olmuş sənətkar son olaraq “Ailə” və “Nə gözəldir dünya” ekran əsərlərində rol alıb.



Şərh yaz