Axtarış...

15 yaşlı yazar təqdimat keçirdi, millət vəkili gəldi - Foto

15 yaşlı yazar təqdimat keçirdi, millət vəkili gəldi - Foto

Sumqayıt Poeziya Evinin təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə məktəbli Gülnaz Nağızadənin yeni nəşr olunmuş "Femidanın gözləri” povestinin təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı gənc yazarı iştirakçılara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb.

Sonra filoloq Aygün Yaşar, kitabın redaktoru, professor Vaqif Yusifli gənc yazar və onun kitabı haqda danışıb.

Gənc istedada dəstək üçün tədbirə qatılan millət vəkili Qənirə Paşayeva Gülnaz Nağızadəyə böyük uğurlara imza atacağına inamını ifadə edib. Millət vəkili qeyd edib ki, Gülnaz kimi istedadlı gənclərin aşkar edilməsi mühümdür.

“Gülnaz kimi istedadlı qızlarımıza vaxtında, ailədən başlayaraq daha çox mənəvi dəstək olmalıyıq. Gülnazın ailəsinə təşəkkür edirəm ki, qızlarına hər zaman dəstək olurlar və bir çox ailəyə nümunə göstərirlər”, - millət vəkili bildirib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, Sumqayıt şəhər Təhsil Şöbəsi Metodkabinetinin direktoru Gülbahar Haqverdiyeva, Gülnazın təhsil aldığı 12 saylı orta məktəbin direktoru Reyhan Baxşiyeva, müəllimələri Sevda Nəsirova, İradə Quliyeva, "Yeni yol” qəzetinin redaktor müavini, Gülnazın ilk kitabı - "Xoşbəxtlik qapını döyür” povestinin redaktoru Rəsul Rzayev, şairlər Zirəddin Qafarlı və Givi Paçxataşvili, cərrah Qeyrət Xəlilov, əməkdar müəllim, şairə Ofelya Babayeva, məktəbli yazarın sinif yoldaşları çıxış edərək Gülnaz Nağızadəni təbrik ediblər.

Daha sonra müəllif kitabının işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edərək ailədən və dövlətdən aldığı dəstəyin qarşılığında ona olan etimadı doğruldacağını qeyd edib.

Sonda Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova müəllifə xatirə hədiyyələri təqdim ediblər. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Gülnazın 3-cü kitabının nəşrinə dəstək olacağını bildirib.

Xatırladaq ki, kitabda qarşılaşdığı haqsızlıqlarla mübarizə aparmaq üçün hüquqşünas olmaq istəyən bir albinos qızın tale yolu qələmə alınıb.


Daha çox xəbər

Şərh yaz