Axtarış...

Bu universitetdə tələbələrə qeyri-adi qadağa... – Açıqlama

Bu universitetdə tələbələrə qeyri-adi qadağa... – Açıqlama

Bu, Odlar Yurdu Universitetinin tələbələrinə qoyduğu qadağa deyil. Bu, bir növ, məlumat xarakterli elandır. Xüsusilə universitetimizə bu il qəbul olunan yeni tələbələrimiz üçün nəzərdə tutulub ki, dərs vaxtı sakitlik olanda dikdaban ayaqqabıdan çıxan səslə dərsi pozmasınlar.

Bu sözləri Axar.az-a Odlar Yurdu Universitetinin mətbuat katibi Günay İmanova universitetdə “Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” yazılı elanla bağlı danışarkən bildirib. G.İmanova qeyd edib ki, universitetdə təhsil alan hər kəs daxili nizam-intizama əməl edir deyə, heç bir qadağa və məhdudiyyət tətbiq edilməyib:

“Dərs vaxtı universitetdə həddən artıq sakitlik olur. Belə sakitlik vaxtı kiminsə dikdaban ayaqqabı ilə auditoriyaya girməsi, dəhlizdə gəzməsi diqqəti yayındırır, dərsi pozur. Bunu adətən universitetə bu il qəbul olmuş tələbələr edirlər ki, o da daxili nizam-intizam qaydalarını bilməməkdəndir. Bu elan da onlar üçün nəzərdə tutulub”.

G.İmanova bildirib ki, bu elan heç də hər dikdaban geyinənlərə aid deyil:

“Bu elan o demək deyil ki, hamı dərsə idman ayaqqabısında gəlməlidir. Hündür dabanlı ayaqqabılar da geyinmək olar. Lakin eləsini seçmək və universitetə geyinmək lazımdır ki, dərsi pozmasın. Normal, gəzdikcə səs etməyən istənilən ayaqqabı geyinmək daha gözəl olar”.

Maraqlıdır, görəsən, bu elan müəllimlərə də aiddirmi?

G.İmanova bildirib ki, universitetin müəllimləri bütün qaydaları bildiyi üçün belə bir şeyə yol vermirlər.

Qeyd edək ki, Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə minib. a24.az-ın məlumatına görə, universitetin foyesində - "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” elanı vurulub.



Şərh yaz