Axtarış...

Ceyhun Bayramov bunları bilsə yaxşıdır... - PROBLEM

Ceyhun Bayramov bunları bilsə yaxşıdır... - PROBLEM















Hər il müxtəlif layihələr həyata keçirilsə də Azərbaycan təhsilinin səviyyəsi hələ də qənaətbəxş deyil.

Maraqlıdır ki, bu istiqamətdə atılan addımların heç biri effektiv nəticə vermir. Hətta son addım olaraq “Ən yaxşı müəllim”, “Ən yaxşı məktəb” və s. bu kimi layihələr də təhsilin inkişafına öz təsirini göstərmədi. İcbari təhsilin mövcud durumundan isə ümumiyyətlə, danışmağa dəyməz. Sirr deyil ki, bu günkü təhsilimizin inkişafı birbaşa repetitorlardan asılı vəziyyətə düşüb.

Təhsilin inkişafında orta məktəblərin ciddi önəmi və rolu qalmayıb. Şagirdlərimiz ibtidai sinifdən ali məktəbə qədəm qoyana qədər təhsil almaq üçün repetitor yanına gedir. Orta məktəblərdə dərslərin səviyyəsi bu üzdən aşağı düşüb. Amma repititorla hazırlaşmağa da hər kəsin maddi imkanı çatmır.

Mövcud reallıq ondan ibarətdir ki, repetitorsuz ali məktəbə daxil olmaq mümkün deyil. Bunu rəsmi qurumlar təkzib etsə də, fakt faktlığında qalır.

O zaman hansı icbari təhsildən danışırıq?

11 il ərzində 20 min ...

“Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, bu gün təhsildə repetitorluğun bu qədər artması kölgə təhsilinin baş alıb getməsidir

“Kölgə təhsili nə deməkdir? Bu təhsil şagirdlərin həm repetitor, həm də orta məktəbə getməsi, valideynlərin isə hökmən övladlarını oxutdurmaq üçün repetiror yanına göndərməsi qarşısında fakt kimi qalmasıdır. Ölkənin təhsil sisteminin bərbad olmasında kölgə təhsilindən yaxşı variant yoxdur. Ali məktəblərə qəbul olunan hər 100 nəfərindən 99-u repetitor yanında hazırlaşır. Ona görə də ali məktəbə qəbul olanlar və yüksək bal toplayanlar çox oldu. Bu rəqəmlər əslində təhsildə olan biabırçılığı və təhsilin bərbad durumunu ört-basdır edənlərə bir cavabdır. Bu gün təhsili idarə edənlər konkret olaraq daha çox kölgə təhsilə üstünlük verirlər. Bu da valideynlərin çiyni üzərindədir.

Azərbaycan keçmiş MDB ölkələrində təhsilə ən çox maliyyə ayıran ölkələrdən biridir. Əgər bir ölkənin büdcəsinin təqribən üçdə biri yalnız təhsilə ayrılırsa, onda niyə keyfiyyət aşağıdır? 2017-ci ilin dövlət büdcəsinin 2 milyard 700 milyon manatı təhsilə ayrılıb. Bu qədər məbləğlə yanaşı valideynlər də hər bir repetitora təxminən 150 manat pul xərcləyir. Bu hazırlıq səviyyəsi ibtidai sinifdən başlayaraq ta 11-ci sinif də daxil olmaqla davam edir. Ümumilikdə götürəndə hər bir valideyn 11 il ərzində orta hesabla təhsilə 20 min manat əlavə xərc çəkir. Bu isə faciəli bir vəziyyətdir”.

Nazirliyin təhsildən kənar kadrları...

Ekspert vurğulayıb ki, icbari təhsilin bu vəziyyətdə olması acınacaqlıdır: “İcbari təhsil hər bir vətəndaşın təhsil almaq hüququnu təmin etmək üçündür. İcbari təhsilə cəlb olunanların sayına görə Azərbaycan dünyada aparıcı yerlərdən birini tutur. Yəni bu göstərici 98 faizdir. Qardaş Türkiyədə bu göstərici 70 faizidr. Bu isə Sovet təhsil sistemindən irəli gələn bir məsələ idi ki, icbari təhsil təmin olunsun. Amma hazırda kölgə təhsilinin bu dərəcədə möhkəmlənməsi ürəkaçan mənzərə deyil. Bunu isə görməzdən gələnlər heç də millətə və dövlətə xidmət etmirlər”.

Ekspert çıxış yollarından da danışıb. O, deyib ki, ilk növbədə məktəblərə təhsil mühiti qaytarılmalıdır: “Konkret olaraq Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanları ilə Təhsil Nazirıiyinin proqramları eyniləşdirilməlidir. Bu çox vacib məsələdir. Dövlət İmtahan Mərkəzi imtahanları keçirən texniki bir idarə olmalıdır. Testləri hazırlayan ayrıca bir Testologiya Mərkəzi yaradılmalıdır. Bu qurum Nazirlər Kabineti və Prezident Administrasiyası yanında ola bilər. Dövlət İmtahan Mərkəzi həm testi hazırlayan, həm də imtahanı keçirən qurum olduğu üçün Təhsil Nazirliyinin nəticələrinə istənilən vasitə ilə təsir etməyi bacarır. Digər bir məsələ ondan ibarətdir ki, təhsili idarə edən orqanlarda təhsili bilən şəxslər çalışmalıdır. Bu gün Təhsil Nazirliyində çalışan təxminən 150 nəfər ştat işçisindən 4-5 nəfəri təhsildən xəbərdardır. Qalan bütün şəxslər təhsillə əlaqəsi olmayanlardır. Belə olan təqdirdə isə kölgə təhsilinin qalxması baş verir”.

“Şagirdlər məcbur olub repetitor yanına gedir”

Elşən Qafarov əlavə edib ki, bu gün ən ciddi problemlərdən biri təhsildə olan korrupsiya faktlarının daha geniş vasitələrlə həyata keçirilməsidir. Təhsil eksperti iddia edir ki, orta məktəb direktorları vəzifəyə rüşvətlə təyin olunurlar:

“Bir məktəb direktorunun şəhər məktəbinə təyin olunması 100-150 min manatdır. Bu məbləği verən şəxslər sonrakı fəaliyyətində pulu necə çıxarırlar? Tabeliyində olan müəllimlərə tapşırırlar ki, şagirdlərə ev tapşırıqları iki dəfə artıq verilsin. Bu tələbi sona qədər yerinə yetirə bilməyən şagirdlər isə məcburiyyət qarşısında qalıb məktəbin öz repetitoru yanına gəlir. Repetitorluqla məşğul olan müəllim hər bir cəlb olunan uşaqdan 10 manat məktəb direktoruna aylıq verir. Bakıda ən kiçik məktəblərdə 1000 -1300 nəfərdən yuxarı şagird təhsil alır. Bunun 400-500 nəfərini çıxsaq, yerdə 800 nəfər şagird qalır.
Repetitorluqla məşğul olan hər müəllimin minimum 10 tələbəsi varsa, bu, bir ayda orta hesabla 8 min manatın yığılması deməkdir. Baxın, həmin 100 min manat məbləğ buradan kompensasiya olunur. Korrupsiya elə ustalıqla ört-basdır edilir ki, sadəcə, deyiləsi deyil. Bu da repetitorluğun kütləvi şəkil almasının bir nümunəsidir.

Bu gün orta məktəblərdə ev tapşırıqları bilərəkdən normadan hətta 10 dəfə artıq verilir. Bu da onun üçündür ki, şagirdlər repetitora üz tutsunlar.

Digər vacib məqam ondan ibarətdir ki, məktəblərdə müəllimlərin peşəkarlıq səviyyəsi təkcə fənn bilikləri deyil, eyni zamanda, onların pedaqoji, psixoloji, tədris metodologiyası ilə bağlıdır. Təhsil Nazirliyi isə bununla bağlı faktiki olaraq heç bir iş görmək iqtidarında deyil. Üçüncü, fənn kurrikulumlarının mənimsənilməsi, onların təkmilləşdirilməsi və yüngülləşdirilməsi ilə bağlı konkret iş görülə bilmir. Bunun çıxış yolu Təhsil Nazirliyinin, ilk növbədə, təhsildən kənar adamları qurumdan uzaqlaşdırmasıdır. Təhsil üçün böyük proqram hazırlanmalıdır. Yalnız bundan sonra, təxminən bir neçə ilə düşmüş vəziyyətdən çıxmaq olar”.


Daha çox xəbər

Şərh yaz