Axtarış...

Görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

Görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

Görkəmli bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi Tofiq Quliyevin anım günüdür.
UlduzumSan.Az-ın məlumatına görə, Quliyev Tofiq Ələkbər oğlu 1917-ci ildə Bakıda anadan olub. 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm fortepiano, həm də dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb, "Rast", "Segah", "Zabul", "Dügah" muğamlarını fortepiano üçün hazırlayıb.Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada orkestrdə pianoçu işləməyə başlayıb.1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün vətənpərvərlik mövzusunda mahnılar yazıb. Müharibədən sonra Məşədi Əzizbəyov (dram), Səməd Vurğun (rus dram), Maksim Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib.
T.Quliyev XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.
Ötən əsrin 70-ci illərində bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.
1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Görkəmli bəstəkar Azərbaycan SSR Xalq artisti (1964), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1958), Azərbaycan SSR Dövlət Mükafatı Laureatı fəxri adlarına, SSRİ "Qırmızı Əmək Bayrağı" Ordeni (iki dəfə ), SSRİ "Şərəf nişanı" ordeni kimi təltiflərə layiq görülüb. Tofiq Quliyev 2000-ci ildə Bakıda dünyasını dəyişib və dəfn olunub.


Daha çox xəbər

Şərh yaz