Axtarış...

Bu gün mənim üçün tarixi bir gündür... - Heydər Əliyev

Bu gün mənim üçün tarixi bir gündür... - Heydər Əliyev

Bu gün Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 25 il ötür.

Axar.az xəbər verir ki, Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində 98.84 faiz səslə prezident seçilmişdi.

Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin istefasından sonra keçirilən növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının lideri kimi namizədliyi irəli sürülən Heydər Əliyev rəqiblərinə böyük üstünlüklə qalib gələrək, ölkənin üçüncü prezidenti oldu.

O, 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərkən bunları demişdi:

“Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.

1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin müqaviləsi” imzalandı.

Ən önəmlisi isə 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.

Bütün bunlar Heydər Əliyevin növbəti – 1998-ci ildə keçirilən prezident seçkisində də böyük üstünlük qazanmasına zəmin yaratdı.


Daha çox xəbər

Şərh yaz