Axtarış...

Dollardan imtina mümkündür? – İqtisadçının şərhi

Dollardan imtina mümkündür? – İqtisadçının şərhi

Hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə olunması müzakirədədir. Bir müddət öncə bu məsələdə Rusiya və İran daha aktiv görünürdürsə indi Türkiyədən dollardan imtinaya daha çox çağırışlar var.

Əvvəlki dövrlərdə də dollardan imtinaya cəhdlər olub və etiraf etmək lazımdır ki, bu cəhdlərin hamısı uğursuz nəticələnib. Amma dollardan imtinanın hələlik real olmaması yalnız ABŞ pulunun hegemonluğu ilə bağlı deyil. Baxmayaraq ki, bunun özü də vacib faktordur.

Sonxeber.az-ın məlumatına görə, bu sözləri iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov özünün "Facebook" səhifəsində yazıb.

İqtisadçının sözlərinə görə, hazırda dünya aktivlərinin 62.7 faizi dollarda, 20.2 faizi avroda saxlanılır.

Vuqar Bayramov vurğulayıb ki, sonrakı iki yeri bölüşən Yaponiya və Britaniya milli valyutalarının rezerv səbətində payı ayrı-ayrılıqda 5 faizə belə çatmır: "Strateji məhsulların da yalnız dollarla satıldığını nəzərə alsaq ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda qlobal ticarətdə hegemonluğunu qoruyub saxlayır.

Məsələn ondadır ki, inkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-biri ilə birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir. Hətta ölkələr milli valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələr belə öz pullarını dollar üzərindən konvertasiya etməlidirlər.

Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr yığımlarda dolların payı azaltmaq istəsələr alternativ olaraq avrodan istifadə edilməlidir. Bu isə o deməkdir ki, Qərb valyutasından imtina hələlik mümkün deyil".

Ekspertin fikrincə, hələlik dollardan imtina cəhdləri daha çox psixoloji və əksər hallarda daxili auditoriyaya ünvanlanan ideoloji mesajlardır: "İnkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla dollara qarşı mübarizə apara bilərlər".



Şərh yaz