Axtarış...

Məzənnə 0,78 olanda dollarla kredit götürmüsünüzsə... Ekspert şərtləri AÇIQLADI

Məzənnə 0,78 olanda dollarla kredit götürmüsünüzsə... Ekspert şərtləri AÇIQLADI
Konstitusiya Məhkəməsi qərar versə ki, bu, şəraitin kəskin dəyişməsi anlamına gəlir, o zaman xarici valyutada krediti olan vətəndaşlar ya əvvəlki məzənnə, ya da güzəştli məzənnə ilə öz kreditlərini qaytara bilərlər.

Bunu Sonxeber.az-a iqtisadçı ekspert, Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin ("Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi") şərh olunmasını xahiş etməsinə münasibət bildirərkən deyib.

Devalvasiyadan əvvəl 7 min, devalvasiyadan sonra 17 min manat borc

Onun sözlərinə görə, söhbət ondan gedir ki, Mülki Məcəlləyə əsasən, şərait kəskin dəyişərsə, o zaman müqaviləyə ya xitam verilə, ya da şərtləri dəyişdirilə bilər: "Və devalvasiyadan əvvəl kredit götürənlərin başa düşülən arqumentləri ondan ibarətdir ki, iki devalvasiya kredit üzrə müqavilənin şərtlərinin kəskin dəyişməsi anlamına gəlir, çünki məsələn, 10 min dollar kredit götürən vətəndaın devalvasiyadan əvvəl 7-8 min öhdəliyi varıydısa, sonradan bu öhdəlik 17 min manata qədər yüksəldi. Və bunun üzərinə faizləri əlavə etsək, kifayət qədər ciddi rəqəm alınır. Bu, əslində o deməkdir ki, 10 min dollar kredit götürən vətəndaşın öhdəlikləri əlavə olaraq 9200 min manat civarında artıb, faizləri də üzərinə gəlsək, söhbət hər 10 min dollar üçün əlavə 12 min manata yaxın ödənişdən gedir".

Məhkəmə daha əvvəl bankların xeyrinə qərar verib

V.Bayramov bildirib ki, bu baxımdan Konstitusiya Məhkəməsi tərəfindən məsələyə baxılması və qərarın verilməsi vacibdir: "Hansı qərarın veriləcəyini indidən söyləmək çətindir, çünki Konstitusiya Məhkəməsi bu barədə mövqeyini hələ bildirməyib, hər hansı mövqe bildirilmədiyi üçün hansı qərarın veriləcəyini də proqnozlaşdırmaq çətindir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi 2015-ci ildə mayında ödənişin əvvəlki məzənnə ilə deyil, mövcud məzənnə ilə həyata keçirilməsi barədə qərar qəbul edib. İndiki halda Bakı Apellyasiya Məhkəməsinin müraciəti Mülki Məcəllənin sözügedən maddəsinin şərh edilməsi ilə bağlıdır".

Kreditlərini güzəştli məzənnə ilə qaytara bilərlər

Ekspert qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi qərar versə ki, bu, şəraitin kəskin dəyişməsi anlamına gəlir, o zaman xarici valyutada krediti olan vətəndaşlar ya əvvəlki məzənnə, ya da güzəştli məzənnə ilə öz kreditlərini qaytara bilərlər: "Əgər belə bir qərar qəbul edilərsə, dollarla kredit götürdükdən sonra öz öhdəliklərini yerinə yetirmiş vətəndaşlar üçün də hansısa addımın atılmasına ehtiyac var. Hər halda onlara kompensasiya ödəniləcəyi inandırıcı deyil. Onlara müəyyən güzəştlər verilə bilər. Məsələn, yenidən kredit götürən zaman aşağı faizlər təklif edilə, digər imtiyazlar verilər bilər. Məhkəmə vətəndaşların xeyrinə müsbət qərar verərsə, həmin şəxslər də qərardan faydalana bilməlidir".

2,5 milyon vətəndaşın banklara borcu var

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, hazırda problemli kreditlərin həcmi böyükdür, təqribən 1,8 milyard manata yaxın problemli kredit var. "Konstitusiya Məhkəməsi vətəndaşların xeyrinə qərar qəbul edərsə, bu, kifayət qədər çoxlu vətəndaşa şamil olunacaq. Mərkəzi Bankın məlumatına əsasən, 2,5 milyon vətəndaşın banklara borcu var. Bunların bir qismi birbaşa kredit götürənlərdir, digər qismi isə zaminlərdir. Ümid edək ki, Konstitusiya Məhkəməsi müsbət qərar qəbul edəcək. Lakin etiraf etmək lazımdır ki, hansı qərarın qəbul ediləcəyini indidən proqnozlaşdırmaq praktiki olaraq mümkün deyil. 2015-ci ilin mayında da biz ümid və eyni zamanda təklif edirdik ki, Konstitusiya Məhkəməsi vətəndaşların xeyrinə qərar çıxsın. Təəssüf ki, o zaman əvvəlki məzənnə ilə deyil, mövcud məzənnə ilə bağlı qərar çıxarıldı".


Daha çox xəbər

Şərh yaz