Axtarış...

Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq edən qadın axtarışa verilib

Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq edən qadın axtarışa verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin sabiq polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov, Leyla İsmayova və Ülviyyə Abdalovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ü.Abdalovanın növbəti dəfə prosesə gəlmədiyi elan olunub.

Ev dustaqlığında olan Ü.Abdalova məhkəmədə son sözlə çıxış etməli idi. Lakin onun bir neçə iclasa gəlmədiyi bildirilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və axtarışa verilməsi barədə qərar çıxarıb.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Dövlət ittihamçısı həmin şəxslərin məhkəmə zalında həbs edilməsini tələb etmişdi.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri törətmələri ilə bağlı araşdırma aparılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, Bakı şəhər sakini Samir Məmmədova (ad, soyad şərtidir) sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər. İlkin ödəniş adı altında həmin vətəndaşın 5 min manat məbləğində pulunu ələ keçirmələrində, həmçinin cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

E.Salayev, M.Qafarov və digərləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.

Eldar Salayevin , Məhəmməd Qafarovun, Leyla İsmayovanın və Ülviyyə Abdalova saxlanılıb.

Daha sonra məhkəmə qərarı ilə həmin şəxslərin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E.Salayev Daxili İşlər Nazirliyinin (DİN) sabiq polkovnikidir. Həmçinin o, Polis Akademiyasında müəllim işləyib.


Daha çox xəbər

Şərh yaz