Axtarış...

Hər şey bəllidir: kim kimdir və kim nəyə qadirdir

Hər şey bəllidir: kim kimdir və kim nəyə qadirdir

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunub. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni, bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır".



Dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxış edərkən Azərbaycan Prezidenti İlham Əliyev belə deyib.

Gerçəkdən də, aqressiv işğalçı siyasət yürüdən Ermənistan "demokratik hakimiyyət dəyişikliyi" adlı tragifarsdan sonra guya "inkişaf yolu"na qədəm qoyduğunu açıqlasa da, çox ağır günlərini yaşayır.

Nikol Paşinyanın hakimiyyətə gəlməsi, əslində, Ermənistanı 20 ildən bəri idarə edən, bu zavallı və yoxsul ölkəni idarə etməyə çalışan kriminal xunta rejiminin çöküşü idi.

Rəsmi İrəvanın işğalçı siyasəti iflasa uğradı. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi qonşu dövlətlərin ərazilərinə iddialar üzərində köklənən, Azərbaycan ərazilərinin 20 faizinin işlağının de-fakto reallıq kimi təqdimatına əsaslanan siyasət idi.

O siyasət ki, şovinizm, terrorizm və ekstremizm dövlət səviyyəsindəki strategiyaya çevrilib.

Əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur.



O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var - işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Necə ki, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurası 25 il əvvəl qətnamə qəbul edib və orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə qalacaq. Ona görə münaqişənin həlli üçün yol, bax, bu yoldur.

Azərbaycanın dövlət başçısı xüsusi vurğuladı ki, Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir. Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır: "Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır".

Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək. Üçüncü tərəfdən, o bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni, tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır. Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik.

Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!

Eyni zamanda, Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var - işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər.



Biz bunu istəyirik. Ancaq, eyni zamanda, dediyim kimi, münaqişənin tezliklə və mərhələli yollarla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz bunu tələb edirik və beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq. Çünki kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub.

Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Ordusunun qüdrətini iyun ayında keçirilmiş hərbi paradda göstərdik. Azərbaycan Ordusu bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasındadır, nadir ölkələrdə bizim qədər imkan var. Bizim hərbi qələbələrimiz davam edir. Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi. İndi oraya həyat qayıdır, əkin işləri aparılacaqdır.

Azərbaycanın dövlət başçısı daha sonra vurğuladı: "Biz öz siyasətimizi davam etdirəcəyik, daha da güclü olmalıyıq. Bütün beynəlxalq təşkilatlar bizi beynəlxalq və siyasi müstəvidə dəstəkləyir. İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır".



Ermənistana və bu işğalçı dövləti dəstəkləyən, daha doğrusu, İrəvandan öz məqsədləri üçün istifadə edən, marionetka funksiyasını "uğurla" yerinə yetirən Nikol Paşinyan qarşısında gün keçdikcə yeni və daha ağır tələblər qoyan ölkələrlə qüvvələr du mesajı anlamalı, nəticə çıxarmalıdır.

Azərbaycan müstəqil, düşünülmüş və uzunmüddətli persektivə hesablanmış strategiyanın məhvər təşkil etdiyi siyasət yürüdür. İllərdən bəri Bakıya göstərilən və indi də səngiməyən təzyiqlərə rəğmən ölkəmiz xarici siyasətdə hansısa güc mərkəzlərinin xeyrinə dəyişikliklər etmir, realist, praqmat mövqe sərgiləyir və bütün bunlarla yanaşı, dünya birliyinin nəzərinə bir məqamı açıq şəkildə çatdırır: Ermənistan işğalçı dövlətdir və əgər bu dövlət vətəndaşlarının Azərbaycanda əllərində silah həlak olmalarını istəmirsə, işğal etdiyi ərazilərimizə yerləşdirdiyi hərbi kontingentini dərhal, qeyd-şərtsiz çıxarmalıdır.

Bu qədər bəsit.

Erməni əsgər ölmək istəmirsə, vətəninə qayıtmalı, qaytarılmadır.


Daha çox xəbər

Şərh yaz