Axtarış...

"Azərsu" sədrindən su təminatı ilə bağlı AÇIQLAMA

"Azərsu" sədrindən su təminatı ilə bağlı AÇIQLAMA

Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin inşası yekunlaşıb.

Milli.Az-ın məlumatına görə, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-iyun ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

ASC sədri deyib ki, içməli su çatışmazlığının müşahidə edildiyi Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Qusar rayonunun Aşağı Ləgər və Xızı rayonunun Yeni Yaşma kəndlərində içməli su təchizatı layihələrinin icrası yekunlaşıb.

Həmin layihələr hesabına ümumilikdə 10 minə yaxın sakin keyfiyyətli içməli suya çıxış imkanı qazanıb.

"Azərsu" ASC-nin sədri daha sonra qeyd edib ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkə üzrə 510 km içməli su və 201 km kanalizasiya xətləri çəkilib. Görülmüş işlər nəticəsində 7 800 nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 30 min 400 nəfərin su təminatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,6 faiz təşkil edib. Ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi 79,4 faizə çatdırılıb.

Qeyd olunub ki, bu il Ağdaş, Qəbələ, Daşkəsən və Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində isə su şəbəkəsinin inşası başa çatdırılacaq, eyni zamanda, sutkalıq məhsuldarlığı 140 min kubmetr olan Şəmkirçay sutəmizləyici qurğusu istismara veriləcək. Bununla yanaşı, Prezident sərəncamlarına uyğun olaraq Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ su mənbələrinin yaradılması layihələrinin icrası tamamlanacaq.



Şərh yaz