Axtarış...

Nazirlik: Xəzərin sahil zolağında və çimərliklərdə tələbləri pozanlara qarşı sərt tədbirlər görüləcək

Nazirlik: Xəzərin sahil zolağında və çimərliklərdə tələbləri pozanlara qarşı sərt tədbirlər görüləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyi Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə 2018-2020-ci illəri əhatə edəcək birgə tədbirlər Planı təsdiq edib. Eyni zamanda, Nazirliyin təşəbbüsü ilə Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Dövlət Dəniz Agentliyi və ETSN-in mütəxəssislərindən ibarət birgə işçi qrupu yaradılıb".



APA-nın xəbərinə görə, bunu ETSN-in əməkdaşı Faiq Mütəllimov bu gün keçirilən mətbuat konfransında deyib.



F.Mütəllimov qeyd edib ki, bu planın icrası ilə bağlı ETSN və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunda Xəzər dənizinin sahil zolağında və çimərliklərdə keçirilən birgə reydlər zamanı “Bulaq”, “Üç qardaş”, “Green ville”, “Panorama”, “Əlincə”, “Raduqa”, “Çıraq qala” və “Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, “Təbib”, “Sunset”, “Elay”, “Jalə” istirahət mərkəzlərində və “Panorama” restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.



Nazirliyin əməkdaşının sözlərinə görə, bununla yanaşı, Sumqayıt şəhərində Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər zamanı analoji faktlar aşkar olunub:' Araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur”, “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalanlandığı məlum olub.



Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 12500 manat məbləğində cərimə ediliblər. “Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib və icrası nəzarətə götürülüb.



Bununla yanaşı, belə mənfi faktlara baxmayaraq işlərini düzgün təşkil edən, ekoloji normalara riayət edən istirahət mərkəzləri də vardır. Bunlara misal olaraq, Nabranda “Palma”, Azərbaycan Dəmir Yolları QSC-nin və Təhsil Nazirliyinin istirahət mərkəzləri, Sumqayır zonasında “Amor”, “Flaqman” və “Ləman” istirahət mərkəzlərini qeyd etmək olar.



Son 2 gündə birgə reydlər Lənkəran rayonunda Xəzər dənizinin sahil zolağında aparılır və ilkin nəticə olaraq “Meduza”, “Su pərisi”, “Panorama” və “Məşədi” istirahət mərkəzlərində aşkar olunan qanun pozuntuları barəsində protokollar tərtib olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür".



F.Mütəllimov sonda qeyd edib ki, bu reydlər mütəmadi xarakter daşıyacaq və Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahil zolağı boyu davam etdiriləcək və keçirilən reydlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək: "Təəssüflər olsun ki, bəzi hallarda cərimələr də insanları bu əməllərini törətməkdən çəkindirmir. Bununla bağlı Nazirliyin sərt mövqeyi mövcuddur və bu mövqeyimiz bir neçə dəfə onlara çatdırılıb və ciddi xəbərdarlıqlar edilib. Onların qarşısında öz fəaliyyətlərini yenidən nəzərdən keçirərək qanunvericiliyin tələblərinə uyğunlaşdırılması tələbi qoyulub. Bu tələbələri pozanlara qarşı barışmaz mübarizə aparılacaq və çox sərt tədbirlər görüləcək".


Daha çox xəbər

Şərh yaz