Axtarış...

“Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bu gün Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.



“APA-Economics”ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsində keçirilən mükafatların təqdim edilməsi zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və aparıcı media qurumlarının rəhbərləri iştirak ediblər.



Tədbirdə çıxış edən DGK sədri Səfər Mehdiyev jurnalistləri Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə təbrik edib, onlara ölkəmizin rifahı, milli mətbuatın inkişafı naminə gördüyü işlərdə uğurlar arzulayıb.



S. Mehdiyev bildirib ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımız zəngin tarixi inkişaf yolu keçib: “Xalqımızın milli şüurunun oyanmasında, azərbaycançılıq məfkurəsinin, istiqlal duyğularının güclənməsində Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin xüsusi rolu var. Milli mətbuatımız əsl çiçəklənmə dövrünü isə ölkəmiz yenidən müstəqilliyini əldə etdikdən və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadı. Bu gün milli mətbuatımıza dövlət qayğısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.



O qeyd edib ki, mətbuat və söz azadlığı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Kütləvi İnformasiya Vasitələrinə maddi yardımlar, jurnalistlərin fəxri adlar, müxtəlif mükafatlarla təltif edilməsi, mətbuat nümayəndələrinin sosial problemlərinin həlli istiqamətində atılan addımlar buna bariz nümunədir: “Dövlət Gömrük Komitəsi öz fəaliyyətində ictimaiyyətlə əlaqələrə, vətəndaşların gömrük işi və qanunvericiliyi ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması və davamlı maarifləndirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan, gömrük xidməti kütləvi informasiya vasitələrinin nümayəndələri ilə qarşılıqlı səmərəli işgüzar münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlıdır. Bunun səmərəli və effektiv şəkildə həyata keçirilməsi isə kütləvi informasiya vasitələrinin tərəfdaş kimi iştirakından çox asılıdır. Bu istiqamətdə gömrük və medianın birgə fəaliyyəti yüksək peşəkarlıqla, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməlidir”.



O xatırladıb ki, son bir ay ərzində kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” və Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postlarına səfəri, eləcə də media nümayəndələri üçün “Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda seminar təşkil edilib: "Bu müsabiqə gömrük işinin təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə keçirilib”.



O, bütün müsabiqə iştirakçılarına təşəkkürünü bildirib və hər bir jurnalistə böyük yaradıcılıq uğurları arzulayıb: “Əmin olduğumu bildirirəm ki, peşəkar fəaliyyətinizlə gömrük orqanları və media arasında qarşılıqlı səmərəli işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün səylərinizi bundan sonra da əsirgəməyəcəksiniz”.



Mətbuat Şurasının sədri Əflatun Amaşov bu müsabiqəni Dövlət Gömrük Komitəsinin Azərbaycan jurnalistikasına töhfəsi kimi qiymətləndirib. O, son dövrlərdə Dövlət Gömrük Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib: “Dövlət Gömrük Komitəsinin fəaliyyətində şəffaflığın yaradılması bu gün media tərəfindən də yüksək qiymətləndirilir".



V. Səfərli də Azərbaycan jurnalistlərini peşə bayramı münasibəti ilə təbrik edib. O qeyd edib ki, bu gün müxtəlif sahələr üzrə peşəkar jurnalistlərin yetişdirilməsi olduqca vacibdir: "Bu gün dövlət tərəfindən Azərbaycan mətbuatına böyük diqqət var. Ancaq bununla belə onların peşəkarlıqlarının artırılması üçün treninqlərin təşkili önəmlidir”.



V. Səfərli Dövlət Gömrük Komitəsinin jurnalistlər üçün təşkil etdiyi peşə seminarını yüksək qiymətləndirib və bunun gələcəkdə də davam edəcəyini vurğulayıb.



“APA Holding”in prezidenti Vüsalə Mahirqızı Milli Mətbuat Günü ilə bağlı keçirilən yazı müsabiqəsinin təşkili və nəticələri ilə bağlı həm jurnalistləri, həm də gömrükçüləri təbrik edib. O bildirib ki, jurnalistlər üçün xəbər mənbəyinin olması mühüm əhəmiyyət kəsb edir: “Xəbərin mənbəyi olmayanda xəbər maraqlı olmur, xəbər dəqiq olmur, daha doğrusu xəbər olmur. Bu, şayiə olur. Media üçün mənbələr, xüsusilə də sizin mənbələr çox əhəmiyyətlidir, çox önəmlidir”.



V. Mahirqızı bildirib ki, son zamanlar Dövlət Gömrük Komitəsinin media ilə sıxlaşan münasibətləri sözün həqiqi mənasında yaxşı tendensiyadır: “İstər gömrük-keçid məntəqələrinə olan səfərlər, istərsə də komitənin mətbuat xidmətinin kifayət qədər operativ işləməsi yaxşı nəticələr verir. Bu gün hansısa bir saytda, hətta sosial şəbəkədə belə Dövlət Gömrük Komitəsi ilə bağlı bir vətəndaşın narazılığı varsa, mətbuat xidməti dərhal bununla bağlı açıqlama verir. Bu, çox yaxşı işdir. İnsanlar, vətəndaş və media biləndə ki, hər hansı dövlət qurumunun buna reaksiyası var, vətəndaş biləndə ki, onun narahatlığına dövlət məmuru tərəfindən reaksiya var, o, həmin quruma yalnız başucalığı və hörmət gətirir”.



"APA Holding"in prezidenti bildirib ki, gömrük-keçid məntəqələrində olan nisbi sıxlıqla bağlı xəbərlərin verilməsi çox müsbət bir haldır: “Dünyanın hər bir yerində gömrük-keçid məntəqəsində nisbi sıxlıq ola bilər. Ancaq bunun qeyd edilməsi və səbəbinin açıqlanması vətəndaşa bir rahatlıq gətirir. Vətəndaş və media da anlayır ki, onun yazdığına qarşı tərəfin reaksiyası var”.



O, komitənin media ilə operativ münasibətlərinə və eyni zamanda diqqətinə görə qurumun rəhbərliyinə təşəkkür edib. V. Mahirqızı bunu Komitənin mediaya dostluq münasibəti kimi qiymətləndirib: “Dünyanın hər yerində olduğu kimi, media bu günə qədər ona uzadılan dost əlini sıxıb”.



Sonda müsabiqənin qalibləri olan jurnalistlər pul və hədiyyələrlə mükafatlandırıblar.



Müsabiqəyə ümumilikdə 27 yazı təqdim olunub və onlardan 10-u həvəsləndirici mükafatlarla təltif edilib.



“APA-Economics”in əməkdaşı Aqşin Rafiqoğlu “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin xüsusi mükafatı ilə təltif edilib.


Daha çox xəbər

Şərh yaz