Axtarış...

Paşinyan: Rusiya Azərbaycanı müharibə etməyə qoymayacaq

Paşinyan: Rusiya Azərbaycanı müharibə etməyə qoymayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla istənilən an başlaya biləcək müharibə məsələsində Rusiyaya güvəndiklərini ifadə edib.

Millitv.az modern.az-a istinadən xəbər verir ki, Paşinyan Rusiyanın regionda müharibəyə imkan verməyəcəyinə inandığını qeyd edib.

Jurnalistlərin suallarının cavablandıran Ermənistan baş naziri Rusiyanın "Lavrov planı"nı yenidən canlandırması məsələsinə və Ermənistana müharibə təhlükəsinə münasibət bildirib.

"Mən bu cür ifadələrlə razılaşmıram. Düşünürəm ki, regionda müharibə təhlükəsi hər zaman olub və olacaq. Biz hadisələrin bu cür cərəyan etməsinə hazır olmalıyıq. Amma bu məsələdə Rusiyaya toxunulduğuna görə bunları demək istəyirəm: biz hamımız başa düşürük ki, bir dünyəvi güc kimi Rusiya Federasiyası regionda müharibənin yenidən başlamaması üçün bütün imkanlara malikdir. Və mən inana bilmərəm ki, Rusiya Ermənistanın dostu və strateji tərəfdaşı kimi regionda müharibənin yenidən canlanmaması üçün öz imkanlarından istifadə etməsin. Mən belə bir şeyə inana bilmərəm. Təkrar edirəm mən inana bilmirəm ki, Rusiya Azərbaycanı bu cür provokasiyalardan çəkindirmək üçün öz imkanlarından istifadə etməsin" – Paşinyan bəyan edib.

Bu məsələdə tam mənada Rusiyaya güvəndiklərini ifadə edən Ermənistan baş naziri hazırda hərbi-siyasi gərginliyin olduğuna diqqət çəkib.

Bu məsələdə işi atılan güllə sayının həll etmədiyini vurğulayan Paşinyan problemin yəqin ki, öz xeyirlərinə olmadığına işarə edib.

"Əgər ayrı günlərdə atəş səsləri az gəlirsə, bu o demək deyil ki, hərbi-siyasi vəziyyət dəyişib" – baş nazir bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatı hər gün Azərbaycan tərəfinin cəbhə xəttinə yeni texnika və qüvvə cəlb etməsi ilə bağlı xəbərlərlə çalxalanır. Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyi də vətəndaşları məsələ ilə bağlı panikaya düşməməyə çağırıb.


Daha çox xəbər

Şərh yaz