Axtarış...

Bakı Dövlət Universitetinin tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu Bakı Dövlət Universiteti (BDU) ilə əməkdaşlığını davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin dördüncü kursunda təhsil alan 33 tələbə bu elm müəssisəsində təcrübə keçir. Onlar institutda aparılan elmi-tədqiqat işləri, laboratoriyalarda aparılan torpaq və su analizlərinin gedişatı, müxtəlif cihazların iş prinsipləri ilə tanış olub, analitik işlərdə iştirak ediblər. Təcrübə zamanı tələbələr gün ərzində görülən işlər və əldə etdikləri biliklər barədə qeydlər aparırlar.

Tələbələr institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşüblər. Alim müasir torpaqşünaslıq elminin problemləri, ekoloji vəziyyətin dəyişməsinə təsir edən antropogen amillərin təsiri barədə gənclərə məlumat verib. Görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınması üçün üzvi mənşəli gübrələrin əldə olunması və onlardan istifadənin nəticələrindən də danışılıb.

İnstitutun direktoru gənc mütəxəssislərin hazırlanmasında təcrübənin əhəmiyyətini qeyd edib. Bildirilib ki, hazırda elm, təhsilin və istehsalatın əlaqələndirilməsi, bu sahələrin bir-biri ilə inteqrasiyada inkişafı prioritet məsələdir.

Ə.Quliyev təcrübə zamanı tələbələrə hər cür şəraitin yaradıldığını qeyd edib və onlara torpaq tədqiqatı aparılması, analiz metodikalarının mənimsənilməsi və digər laboratoriya işlərinə yiyələnməyi tövsiyə edib. İnstitutun direktoru yüksək ixtisaslı kadrların hazırlanmasının, onlara daim qayğı göstərilməsinin vacibliyini vurğulayıb.


Daha çox xəbər

Şərh yaz