Axtarış...

“Ana qapının ağzında, qız divanda, uşaqlar yataqda ölmüşdülər...” – DƏHŞƏT HEKAYƏTİ

“Ana qapının ağzında, qız divanda, uşaqlar yataqda ölmüşdülər...” – DƏHŞƏT HEKAYƏTİ


“Meyitlərin vəziyyətinə baxanda bilinirdi ki, azı 10 gündür ölüblər. Üfunət qoxusu ətrafı bürümüşdü. Meyitlər qaralmış, bəzilərinə hətta qurd da düşmüşdü. Kişinin meyitini götürəndə ayağı qopub əlimə gəldi”.

Bu dəhşət dolu sözləri Lent.az-a Sumqayıt sakini Zakir Ağayev deyir. Söhbət Sumqayıtda baş vermiş dəhşətli hadisədən gedir. Bir ailənin 6 üzvü Sülh küçəsi, 5-ci məhəllədəki binanın zirzəmisində dəm qazından boğularaq ölüb. 57 yaşlı Rafiq Hüseynov, həyat yoldaşı, 53 yaşlı Yeganə Hüseynova, qızı, 31 yaşlı Sara Hüseynova və nəvələri: 9 yaşlı Fərid Abbasov, 8 yaşlı Zemfira Abbasova və 6 yaşlı Yeganə Abbasova.

Meyitləri evdən Z. Ağayev ilə daha bir nəfər çıxarıb.

- Dünən günorta 12 olardı. Binanın qarşısına xeyli adam yığılmışdı. Maraq üçün gəldim. Meyitləri evdən çıxartmaq lazım idi. Meyitlərə baxış keçirildi, sonra biz girdik. Kömək etdim. Kişinin meyiti hamamdan çıxdı. Həyat yoldaşının meyiti elə qapının ağzında idi. Qızının meyiti divanda. Uşaqlar isə yataqda. Bir nəfər də vardı, onunla köməkli meyitləri evdən çıxartdıq.

Hüseynovlar ailəsini qonşular tanımır. Sadəcə onu dedilər ki, ailə bu binaya 15 gün əvvəl köçübmüş. Kirayənişin qalırlarmış. Yeni olduqlarından qonşularla qaynayıb-qarışmağa macal tapmayıblar. Köçəndən təxminən 4-5 gün sonra ölüblər.

Dünən, martın 4-də bina sakinləri zirzəmidən üfunət iyi hiss edəndən sonra polisə müraciət ediblər. Qapı açılanda meyitlərin iyləndiyi məlum olub.

Meyitlər dünən çıxarılsa da, üfunət qoxusu hələ də çəkilməmişdi. Pillələrdən aşağı düşən kimi iy adamı vurur. Şahidlərin sözlərinə görə, hələ iy xeyli azalıb. Dünən daha dəhşətli imiş, iydən yaxın gəlmək olmurmuş.

Meyitlər maşınlara yüklənib və Sumqayıt şəhər morquna aparılıb.

Zakirin sözlərinə görə, zirzəmidə yerləşdiyindən evin pəncərəsi belə yoxmuş. Sadəcə sanitariya qovşağında balaca nəfəslik varmış. İlkin ehtimala görə, bir ailənin məhv olmasına səbəb olan dəm qazı hamamdakı qaz qızdırıcısından yayılıb.

Məhv olmuş ailədən geriyə yalnız “Azərişıq”-a 52 manat 48 qəpiklik borc çeki qalıb...



Şərh yaz