BİR ƏFSANƏ İDİ MİRZƏLİ GÜNLƏR...-ŞƏHİD ailəsi-MÜSAHİBƏ

BİR ƏFSANƏ İDİ MİRZƏLİ GÜNLƏR...-ŞƏHİD ailəsi-MÜSAHİBƏ Mirzəsiz keçən 1 il...
BİR ƏFSANƏ İDİ MİRZƏLİ GÜNLƏR...

Şəhidlər hər zaman mənim ürəyimdə dərin iz buraxmış,müqəddəs ruhlu insanlar olub.”Şəhid” sözünü dərk edəndən bu günə kimi,dərin hörmətim,sonsuz sevgim olub o insanlara.. Tez-tez hansısa şəhidin haqqında oxuyub, şəkillərini araşdırıb baxsam da,onlar haqqında internetdən çox az məlumat toplayırdım. Amma bu az məlumat belə bəs edirdi onlara ürəyimdə böyük yer açmağa.Onlar haqqında məlumat toplamaq,ailəsi ilə söhbət etməyi elə çox istəyirdim ki.. Və sonunda bu arzumu reallaşdırmaq qərarına gəldim.Elə bu səbəbdən də,aprelin 6-sı, “Son Söz“ ictimai-siyası hüquq qəzetinin əməkdaşı olaraq, qəzetin baş redaktor müavini Rövşən Qasımovla birlikdə “Aprel döyüş”lərinin şəhidi, Baş Leytenant Şəhid Mirzə Novruzovun evinə yollandım.Qapını bizə açan,oğlunun vəfatı ilə çöhrəsi solan,üzündə dərin kədərin,qəmin iz saldığı dərdli ana, Rüxsarə xanım oldu.. İçəri girdikdən sonra evlərində şəhid üçün hazırladıqları guşəyə yaxın əyləşərək, vaxt itirmədən, danışdıqca gözləri dolub-boşalan ana ilə söhbətə başladım..

Hamının bildiyi kimi,2016-cı ildə baş vermiş “Aprel döyüşləri”ndə biz bir çox oğullarımızı itirdik,bir çox şəhid verdik.Və bizim qəhrəmanlığı ilə adını tarixə yazdıran bir igidimiz,bir şəhidimiz daha var.Mirzəmiz var.. Hansı ki,bu evdə yaşayan,bu evdə böyüyən,bu evdə 2 balasını böyüdən,bu evin hər küncündə,hər bucağında qarış-qarış xatirəsi olan Mirzəmiz.. Əvvəlcə onu demək istəyirəm ki,onun evində olmaqdan,onun haqqında danışmaqdan,sizinlə həmsöhbət olmaqdan qürur duyuram.Şəhidimizin xatirələrlə dolu evində onu yad etmək mənim üçün çox qürurvericidir.İcazənizlə sizə bir neçə sualım olacaq, amma əvvəlcə sizin xatirələrinizi,acılarınızı təzələyəcəyim üçün sizdən üzr istəyirəm.

1984-cü ildə Bakı şəhərində bir igid oğul göz açdı dünyaya.Vətənini sevən,vətəninə bağlı,vətənpərvər biri kimi böyüyən.Xalqını sevən,millətinə sadiq olan bir oğul.. Və bu vətənpərvərlik ruhu ilə ucaldı,baş leytenant vəzifəsinə qədər gəlib çıxdı.2016-cı ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etdi.Goranboy rayonun Tapqaraqoyunlu ərazisində gedən döyüşlərdə qanının son damlasına qədər vuruşdu,şəhid oldu,qəhrəman oldu,ölümsüzləşdi.Bizim tanıdığımız Mirzə budur.Bəs tanımadığımız Mirzə haqqında nə deyə bilərsiniz?

-Mirzə evin böyük oğlu idi.Çox sakit,çox təmkinli,ağıllı uşaq idi.Nə desəm ona qulaq asırdı.Desəydim ki,bu gün bu iş olmalıdır,harada olsa onu mənim üçün həll edərdi.2006-ci ildə ona Naftalanın N saylı hərbi hissəsinə təyinat verdilər.Həmin vaxtı biz bir sıra problemlər yaşadıq.O ərəfədə onun atası rəhmətə getdi.Hər həftənin cümə axşamı icazə alıb gəlirdi.Çox çətinliklə icazə alıb gəlirdi.Kiçik oğlum da həmin vaxtı hərbi xidmətdə idi.Mən tək qalmışdım.Mirzə həmişə gələndə mənə deyirdi “ana səbrli ol”.Hər şey yaxşı olacaq.O elə zənn edirdi ki,atası nə vaxtsa qayıdacaq.
BİR ƏFSANƏ İDİ MİRZƏLİ GÜNLƏR...-ŞƏHİD ailəsi-MÜSAHİBƏNecə oldu ki rəhmətə getdi atası?

-Mirzənin toyu günü idi.Atası həyətdə maşın yuyurdu.Deyirdi gəlin maşınını özüm sürəcəm.Deyirdim yox,qoy Mirzə özü sürsün.Mənimlə razılaşmırdı ki, yox,ürəyimdən keçir ki,gəlinimi özüm aparım restorana.Sonra dedi hamama girim çıxım danışarıq.Çox həvəsli idi.İlk övlad toyu idi.Mən də, atası da çox sevinirdik.Hamam girdi,çıxmadı hamamdan.Hamanın qapısını döydüm,gördüm səs vermir.Tez qapını silkələyib açdım,Baxdım ki,yerdə uzanılı qalıb.Həyətdəki qohum-əqrəbanı haraya çağırdım.Mirzə onda evdə yox idi.Qohumlar məni qorxutmamaq üçün dedilər ki,infarkt keçirib,ölməyib.Sərvərin bədəni isti idi.Məni inandırdılar ki “get toya fırlan gəl,ayılar”.Mən saat 9-da getdim toyxanaya.Gəlinə və oğlum Mirzəyə dedilər ki,atan xəstəxanadadır.Toydan sonra qohumlar bizim evə yığışdı.Mirzə gəlini qohumumuzun evinə göndərdi.Özü də gəlib atasının meyitinin üstündə oturdu.Səhərə qədər bu evdə keşik çəkdim,nə qədər ağladım,çağırdımsa,səsimə səs vermədi Sərvər.Mirzənin sevincini kədərə bürüdü atası.”Mirzə” mənim qaynatamın adıdır.Yoldaşım atası rəhmətə getmişdi,qardaşı da yox idi.Atasının adını qoymuşdu Mirzəyə.Mirzəyə atam deyirdi,Ramilə də qardaşım.O öləndən sonra Mirzə dedi ki,ana atam niyə öldü? Axı o məni ata bilirdi.Mən onun atası idim,mən ağsaqqal idim,mən ölməli idim.Hər dəfə belə deyəndə deyirdim Mirzə bir də elə söz demə,Allaha xoş getməz.Onun da alın yazısı bu imiş..

Uşaqlıqda necə uşaq olub Mirzə? Dəcəl idimi?

-Xeyr çox sakit idi.O qədər sakit idi ki,atası deyərdi ki bu qədər sakit olma oğlan uşağı belə sakit olmaz.Çox yaxşı övlad idi.Mirzə tələbə olanda, o evə gələn ərəfədə mən işdə olurdum.Qardaşı Ramilə evi təmizlətdirirdi.Evlərin pəncərələrinə kimi sildirirdi ki,anam işdən yorğun gəlir.Bir dəfə qonşunun qızını cağırıb ondan xahiş etmişdilər ki, salat eləsin.Gəlib görürdüm ki, 2 qardaş yeməyə kimi ediblər.Mən hər həftə sonu evə gələndə,evi təmiz görürdüm.

Harada təhsil almışdı?

-286 saylı orta məktəbin 9-cu sinfini bitirib,Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olunmuşdu.Daha sonra 2002-ci ildə təhsilini uğurla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdi.2006-cı ildə oradan məzun olub,top artilleriyaçısı sənətinə yiyələnmişdi.2007-ci ildən etibarən Naftalandakı N saylı hərbi hissədə artilleriyaçı kimi işə başlamışdı.Çox çalışqan idi.Mirzə akademiyanı bitirəndə biz çox sevinirdik ki, o öz gücünə bitirmişdi akademiyanı.Biz hər zaman valideynləri olaraq, ona mənəvi dayaq olmuşuq.Litseydə də,Hərbi Akademiyada da, o qədər hörmət qazanmışdı ki.. Sonsuz hörməti var idi.Hamıya qarşı mehriban idi.Litseyde oxuyanda valideyn iclasına gedirdim hər kəs mənə təşəkkür edirdi ki,nece gözəl övlad böyütmüsən.Çox yaxşı oxuyurdu,amma yenə də,fikrim onda qalırdı ki,birdən dərslərindən yayınar.Həftədə 1 dəfə gedib onu yoxlayırdım,dərsi ilə maraqlanırdım.Müəllimləri həmişə mənə deyirdi ki,sizin kimi anaya çox təsadüfi rast gəlmişik.Həftə sonları onun yolunu atası da,mən də səbrsizliklə gözləyirdik.Evdə həmişə yaxşı yeməklər bişirirdim.Amma o gələn günləri daha həvəslə,daha yaxşı yeməklər bişirirdim ki,Mirzə gələcək.Onun sevdiyi,onun ürəyindən keçən yeməklərdən,salatlardan bişirirdim.Salatları çox sevirdi.Litseyi də,akademiyanı da uğurla başa vurdu.Və 2006-cı ilin avqust ayında onun təyinatını Naftalan rayon N saylı hərbi hissəyə verdilər.Evə gəldi evdə soruşdu ki,ana ora haradır? Şəhər uşağı idi,şəhərdə böyümüşdü ona görə rayonları yaxşı tanımırdı.Evdə xəritəmiz var idi.Gətirdi xəritəyə baxdı,dedi Tər-Tər-ə yaxın zonadır.Qardaşım da Tər-Tər-də yaşayırdı.Dedim zəng elə dayından soruş gör haradır? Qardaşım ona demişdi ki,sən qatarla gəl,mən səni qarşılayıb apararam.Mirzə ora getdikdən sonra mənə zəng elədi dedi ki,ana elə gözəl yerdir ki hər tərəf çəmənlik,yaşıllıq,ağaclıq.Daha sonra onu Murova göndərdilər.Neçə ay orada qaldı.Onda artıq evlənmişdi.Gəlini də aparmaq istəyirdi,amma mən qoymadım.Daha sonra övladı Nihat oldu.Nihat doğulanda o gələ bilmədi.İcazə ala bilmirdi.3 gün sonra icazə alıb gələ bildi.Dedi ana nə olar apar uşağı görüm.Getdik uşağı gördü,şəkillərini çəkdi elə sevinirdi ki.. Qardaşı da hərbi xidmətdə idi həmin vaxtı o da icazə alıb gəlmişdi.Sonra onlar getdilər mən qaldım tək.Gəlini də mən özüm tək çıxardım xəstəxanadan.Mənə deyirdi ki,”ana mən uzaqdayam,amma sənə güvənirəm ki,mənim ailəmi həmişə yaxşı saxlayacaqsan.Çalış onları xoşbəxt elə”.Gəlinim də çox yaxşı gəlindir.Həmişə Allaha şükr etmişəm ki,nə yaxşı ki,Mirzənin qarşısına belə bir qız çıxıb.Mirzəni başa düşdüyü kimi məni də başa düşürdü.Çox səbrli,təmkinli qız idi.Amma Mirzənin ölümündən sonra çox səbrsiz olub.

Baş leytenant vəzifəsi nə vaxt verildi ona?

-İşlədikdən 3 il sonra sevinə-sevinə zəng etdi ki,ana mənə baş leytenant vəzifəsi verdilər.Dedim gözün aydın,işin uğurlu olsun.İşini çox sevən idi.Həddindən artıq bağlı idi işinə.Sonra gəldi,yoldaşını,uşağını da götürdü apardı.Ballıqayada kirayə ev tutdu.Kənd yeri idi özlərinə görə cuzi yaşayışları var idi.Gəlinim axşamlar zəng edirdi,danışırdıq.Deyirdi ana çox gözəl yerdir amma bir eybi var ki telefon yaxşı tutmur.

Neçə il yaşadılar orda?

-Orada 2 il yaşadılar.Daha sonra təyinatı Naftalana verildi.1 il də,orada yaşadıqdan sonra Tapqaraqoyunluya gəldilər.Yeni il qabağı idi məndə getdim.Köçməklərinə kömək edirdim.Bir gündə 5 dəfə Mirzə Naftalanla Tapqaraqoyunlu arasında gedib-gəldi.Əşyalarını özü daşıyırdı, deyirdi heç kimə həvalə edə bilmərəm ki,mənim əşyalarımı kimsə gətirsin siz evdəykən girsin evə.Çox diqqətcil idi.

Mən belə başa düşürəm ki,övlad kimi də,həyat yoldaşı kimi də çox yaxşı olub Mirzə.Bəs hansısa bir sevmədiyiniz cəhəti,xüsusiyyəti olubmu?

-Onun qısqanclığı.Çox qısqanc idi.Məni də qısqanırdı.Bir də baxırdım ki,telefonumu alıb yoxlayır ki,görsün kimlər mənə zəng edib.

Aprel döyüşlərində hər kəs əsgərlər üçün dua edirdi,onlar üçün narahatlıq keçirirdi.Amma bir ana kimi keçirdiyiniz narahatlıq.. Nə hislər keçirirdiniz o an?

-Gecələr də yata bilmirdim.Zəng edirdim telefonunu söndürürdü.Bir dəfə zəng elədi dedi ki,ana xahiş edirəm məni narahat eləmə.Haçan vaxt tapsam mən özüm zəng edəcəm.Yenə də,dayana bilməyib zəng edirdim.Hər gün zəng edirdim.Ayın 3-ü axşam işdən gəlib uzanmışdım.Qardaşım zəng elədi,dedi ki,bacı Mirzədən nə xəbər var, necədir? Danışmısan bugün? Dedim hə biraz olar danışmışam dedi ana narahat olma mənə görə sıxılma sən özün bilirsən ki,mən hər vəziyyətdən yaxşı çıxıram.Gecə saat 1-ə işləmiş yenə özüm zəng elədim dedim necəsən? Dedi ana narahat olma hər şey yaxşıdır.Vəziyyət pis deyil.Amma telefonu aça bilmirəm.Gəlinə zəng elədim dedim qızım gəlim sizi götürüm orada 2 uşaqla tək qalma.Heç vaxt mənim üzümə qayıtmazdı.Sözümü kəsdi dedi ki,ana yox gəlmirəm,oğlun çıxsın məndə çıxım.Mirzə olmayandan sonra məndə gəlmərəm.Ona zəng elə de, o çıxsın məndə çıxım.Oğluma zəng elədim.Dedi o sözü ağzına alma.Mən hərbiçiyəm əsgərlərimi qoyub çıxa bilmərəm.
BİR ƏFSANƏ İDİ MİRZƏLİ GÜNLƏR...-ŞƏHİD ailəsi-MÜSAHİBƏ
Axırıncı dəfə nə vaxt əlaqə qurdunuz?

-Həmin günü. Aprelin 3-dən,4-nə keçən gecə danışdıq.4-ü saat 11-də şəhid oldu.

Övladınızın şəhid olduğu xəbəri gəldi həmin gün.. O günü danışın bizə.

-Allah heç bir anaya övlad acısı yaşatmasın.Heç bir anaya övladının pis xəbəri gəlməsin.Səhər-səhər çox narahat idim.İşə getmişdim.İş yerində telefonları yığırlar.Xahiş etdim ki,mənim telefonumu almasınlar.Telefonu da yaxşı işlədə bilmirdim.Bəzən zəngi qəbul etmək əvəzinə,zəngdən imtina etmək düyməsini basırdım.Mirzə də həmişə deyərdi ki,ay ana bircə bu telefonu işlətməyi öyrənə bilmədin.Mənə Mirzədən çox zəng edən yox idi.Ancaq övladlarım Mirzə və Ramil zəng edərdi mənə.Telefonumu geri istədim vermədilər.Getdim şkafdan özüm götürdüm dedim mən oğlumdan yana narahatam ondan xəbər gözləyirəm.Götürdüm gəlinimə zəng elədim,telefonu açmadı.Dedim yəqin yatıb.Yenə zəng elədim,bu dəfə də açmadı.İşimə qayıtdım amma sanki beynim dumanlanırdı.Özümü ələ alıb işimi görə bilmirdim.Ağlayırdım.İş yoldaşım gördü ki,ağlayıram.Dedi nə olub, dedim oğlumdan yana narahatam telefonuna zəng çatmır,gəlinim də açmır.Bu vaxt baldızımdan zəng gəldi.Telefonu açdım dedi ki,Rüxsarə başımıza daş düşüb tez evə gəl.Bir də ayıldım ki,həkimin müavini mənə su verir.Mənə deyir Rüxsarə xanım narahat olma oğluna heç nə olmayıb.Paltarını dəyiş səni maşınla evə göndərim.Gücüm olmadı ki,paltarımı dəyişim.Kömək elədilər paltarımı dəyişdim.Düşdüm 1-ci mərtəbəyə ki,küçəyə çıxım evə gedim.Öz işlədiyim yerdə, 1-ci mərtəbədən yolu tapa bilmirdim.Ağlım özümdə deyildi.Qoluma girib məni küçəyə çıxardılar.Yol boyu Allaha yalvardım ki,mənim balama heç nə olmasın.Məhləyə girəndə gördüm ki,camaat yığışıb darvazamızın ağzına.Maşından düşüb ayağımı yerə qoyanda 2-ci addımda yerə yıxıldım.Qardaşım oğlu gəlib məni qaldırdı. Dedim qurban olum de görüm Mirzəyə nə olub?Heçnə demədi.Dedi bibi narahat olma.Həyətə girdim gördüm qohumlar yığışıb pilləkənin qabağına.Bu dəfə də,onlara yalvardım dedim heç olmasa siz deyin Mirzəyə nə olub.Dedilər yaralanıb.Kiçik oğluma zəng elədim dedim Ramil Mirzəyə nə olub, dedi heçnə olmayıb yaralanıb gətirirlər hospitala məndə gedirəm hospitala.Amma hiss etdim ki,Ramilin səsində nəsə kədər var,hüzn var.Dedim onda məndə gəlirəm gedim hospitala.Dedi gəlmə mən evə gəlirəm Əfsanəgili gətirirəm.Əfsanə Mirzənin yoldaşıdır. Ramil gedib hospitala nə qədər axtarıbsa,Mirzəni tapmayıb.Yalvarıbki, bəs deyin Mirzə hardadır? Orada deyiblər ki,Mirzəni şəhid olub,Gəncəyə göndəriblər.Ramil deyir bilmədim ki,Mirzəgilə necə getdim.Mirzənin arxasınca da gedə bilməmişdi.Fikirləşib ki,Əfsanəgili burda qoyub necə gedim? Gedib gəlinimə deyib ki, hazırlaşın gedək Bakıya gəlin deyib ki,mən getmirəm.Ramil yalvarıbki,qurban olum gəl gedək,Mirzə yaralanıb Bakıya gətirirlər.Gəlinimin hələ heçnədən xəbəri yox idi.Qonşularında bir qadına deyiblər ki,getsin Əfsanəyə desin ki,Mirzə şəhid olub.O da gəlib deyə bilməyib,deyib ki,Mirzə yaralanıb.Əfsanə deyirdi pəncərədən baxırdım ki,bütün qonşular bizim həyətə qapının ağzına yığışıb amma yenə də dərk etmirdim ki,məsələ nə yerdədi.Ramil axşam saat 8-də onları gətirdi.Əfsanə onda bildi ki,Mirzə şəhid olub.Gəldim ki qucaqladim,dedi ana məni danışdırma bütün günahkar sənsən.

Niyə sizi günahkar hesab edirdi?

-Nə bilim,elə-belə deyirdi.Sadəcə bilmirdi ki,dilinin odunu kimə töksün,mənə deyirdi günahkar sənsən.Qınamıram,nə yaşı var ki? İkisininde 31 yaşı var idi.Həyatlarının ən gözəl dövrü idi.Yaxşı yola gedirdilər,uşaqlarını böyüdürdülər.Mirzə həmişə oğluna aslan oğlum deyirdi.Məktəbə gedəndə sevinirdi.Deyirdi ki,bu mənim aslan oğlumdu,bu yaxşı oxuyacaq.Həqiqətən də,atasının sözünü doğruldur.Qızı da,oğlu da Anadolu Litseyinde oxuyurlar.Yaxşı oxuyurlar atalarının sözlərini doğruldurlar, amma heç kim,heç nə mənim oğlumun yerini verə bilməz.Kiçik oğlumu hər gün bezdirirəm ki,məni apar Mirzənin qəbrinə.O da aparır.Gedirəm dəli kimi ağlayıram, evə gəlirik deyir ki,ana birdə səni aparmayacam ora.Deyirəm sən aparmasan,özüm gedərəm.Elə gün olub ki,evimizdən qəbiristanlığa kimi piyada getmişəm.Elə bilirəm ki,ora getsəm mən də,o da rahat olur.Gedirəm təskinlik tapıram,ürəyimi boşaldıram.Gəlinimin,nəvələrimin yanında ağlaya bilmirəm.

Oğlunuzun rəhmətə getdiyini nə vaxt bildiniz? Cənazəsi evə gələn qədər yaralı olduğunu zənn edirdiniz?

-Bəli.Biz hələ elə bilirdik ki,yaralıdır.İnanmırdıq ki,Mirzəyə nəsə olar.Gəlinim mənə deyirdi ki,ana Mirzə ölə bilməz.Mirzə mərd oğlandır ona nəsə ola bilər yəni? Deyirdim yox qızım Mirzə ölməz.Allahdan diləyirəm,heç bir ananın qapısına o qırmızı qutu getməsin.Allah heç bir ananın qapısına övladını qırmızı qutuda göndərməsin.Çətindir,çox çətindir..

Övladları bəs məsələnin fərqindədirlərmi? Yəni başa düşürlərmi ki,ataları yoxdur,şəhid olub.

-Oğlu bilir,oğlu başa düşür,amma qızı başa düşmür hər gün deyir məni aparın Naftalana, atamın yanına.Hər gün deyir ki,atam Naftalandadır,atam gələcək.Bu gün onları məktəbdən biraz tez götürmüşdüm.Aprel şəhidlərinə həsr olunmuş kitabın təqdimatına getmişdik.Yol boyu metroda kitabı qucagında tutub deyirdi ki,nənə aç atamın şəkillərinə baxım.Atama baxım.

Quranda belə bir surə var.Bəqərə surəsində deyilir ki, ”Şəhid olanlara ölü deməyin.Onlar Allah qatında diridirlər lakin,siz bunu dərk etmirsiniz”. Bəs həqiqətəndə heç olub mu ki,onun diriliyini hiss etmisiniz.Yəni nəsə bir iş görürsünüz,sanki arxanızda durub.Və ya,indicə qapıdan içəri girib deyəcək ki, “Ana yeməyə nə var?”

-Kiçik oğlum hərdən həyətdən məni çağıranda,elə bilirəm ki,Mirzədir.Tələsik pəncərədən gəlib baxıram görürəm ki,Ramildir.Bir gün axşam işdən gəlmişdim çox narahat idim.Uzanmışdım.Gəlin gətirdi çay qoydu,içmədim ki,narahatam.Həmin günü qəbiristanlığa getməmişdim deyə çox narahat idim.Təzəcə yuxuya getmişdim ki,öz zarıltıma özüm ayıldım.Bilmədim yuxu idimi,yoxsa həqiqətən mi Mirzənin səsini eşitdim.Eşitdim ki, mənə deyirki, “ana niyə zarıyırsan,niyə canın ağrıyır, dur uzanma”. Oyananda qışqırdım.Balaca gəlinə dedim ki,Günay Mirzə gəlib? İkisi də duruxub mənə baxdılar.Əfsanə Günaya dedi ki,apar ona dərman ver rahatlasın.O özündə deyil.Sonra gördüm Əfsanə girdi otağa,çıxmadı.Səhərəcən oturub otağında ağlayıb.Mən də, o otağa girə bilmirəm.O otaq indi Mirzəsizdi.Onlar burda qalanda həmişə tezdən durub Mirzənin alnından öpüb işə gedirdim.Arada mənlə zarafat da edərdi ki,bəs gəlini niyə öpmürsən? Mən elə bilirdim ki,Mirzəyə heç nə olmaz. O, artıq 10 ildir ki, döyüş bölgəsində idi. Mən onlara gedəndə,sevinirdi.Bir hərbçi dostu var idi, mən orda olanda Mirzəyə deyirdi ki,görəsən anan yenə nə bişirir gedək ora.Əfsanə də bişirirdi,amma mən ora gedəndə deyirdi ki,sən bişirmə anam bişirsin.Mən 1 gün də qalsam,Mirzənin xoşladığı yeməkləri bişirib sonra qayıdırdım.

Heç yuxunuza giribmi?

-Yox, yuxuma girməyib.Mən hiss edirəm,o bu evdə gəzir.Onu ürəyim elə istəyir ki.. İşdən evə gələndə yol boyu deyirem, ay Allah,nə olar,qapıdan içəri girim Mirzəni görüm.Qəbrinin üstünə gedəndə deyirəm, bircə Mirzə daşın arxasından başını çıxara deyə ki,ana bura nə əcəb gəlmisən? Mirzə həmişə, arxadan boynumu qucaqlayıb məni öpərdi.Onun o öpüşü mənim üçün hər şey idi. İndi də oğlu eyni ilə atası kimi öpür məni.O gün işə gedəndə,metroda sən demə,bir herbçi arxamda durubmuş.Üzünü görmürdüm,ancaq elə bildim Mirzə indi arxadan məni qucaqlayıb üzümdən öpəcək.Cəld arxaya çevrilib oğlana baxdım,o da hərbçi idi.Mirzə kimi hündürboy oğlan idi.Oğlanın üzünə baxdım,oğlan çaşdı.Qatar stansiyaya çatan kimi düşdüm,başladım ağlamağa.Eləcə də işə getdim.İş yoldaşım soruşdu niyə ağlayırsan,dedim səhər elə bildim ki,oğlumu gördüm.Son zamanlar daha da pisləşmişəm, hara baxıram oğlumu görürəm.Gəlin harasa gedəndə elə bilirəm indi Mirzə ilə qayıdacaq.Mən onları heç vaxt ayrı görməmişdim.Öz-özümə düşünürəm ki,Allahım niyə onları ayırdın.Mirzəmi apardın,gəlinimi tək qoydun.Mirzə öləndən bəri harada hərbiçi görsəm,deyirəm “Anan ölsün Mirzə”.Mən heç özümə bağışlaya bilmirəm ki,mən sağam,oğlum ölüb.

Onun üçün etmək istədiyiniz nəsə varmı? Yəni elə bir düşüncəniz varmı ki, “Mən bu şeyi etsəm,o daha rahat olar” deyə?

-Onun övladları ilə nəfəs alıram,balamın qoxusunu onlardan alıram. Hərdən Əfsanə uşaqlara hirslənədə elə bilirəm ki,dünyam qaralır.Onlar nə istəsə,Mirzə alıb gətirirdi.Elə zənn edirəm ki,onlar nəsə istəsə mən almasam,Mirzə rahat olmaz.Bəzən düşünürəm ki,bəlkə Mirzə sağ olsaydı mən aldığımdan da yaxşısını alardı.Nənə başqa,ata başqa.. Ancaq yenə də,onların dediklərini etməsəm,bunu heç vaxt özümə bağışlamaram.

Mirzəsiz keçən 1 il.. Bu il sizdən övladınızı aldı apardı,əvəzində isə kədər verdi,acı verdi,qəm verdi.. 2016 yəqinki həyatınızda,yaddaşınızda həmişə qaranlığa bürünmüş bir tarix kimi qalacaq.Və özündən sonrakı illəri də,qaraldacaq.. Mirzənin yeri ürəyinizdə heç zaman işıqlanmayacaq. Allah sizə səbr versin...

-2016-nı daha xatırlamaq istəmirəm.Mənim ən əziz adamımı aldı məndən.. Mirzə üçün çox darıxıram..

Mən çox təəssüf edirəm ki,o bizim üçün canından keçdi,amma biz onun üçün heçnə edə bilmirik.. Adını yaşatmaqdan başqa.. Və çalışacayıq ki,adını hər zaman yaşadaq,bizdən sonra gələn nəsillərə tanıdaq,tanıtdıraq.. Onu ölümsüzləşdirək..Mirzəmizi və eləcə də bütün şəhidlərimizi..

-Mənim oğlum ölməyib qızım,heç zaman da ölə bilməz.Siz onu tanısaydınız görərdiniz ki,Mirzə ölən oğul deyil.Mən həmişə,hara getsəm də,onun nəfəsini çiynimdə hiss edirəm.O yaşayır.Nə bilim..Vətən sağ olsun..

Nəzrin Zakirqızı

Millitv.az
Oxşar xəbərlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
Mədəniyyət