Bakının avtobus marşrutlarındakı – NÖQSANLAR

Bakının avtobus marşrutlarındakı – NÖQSANLAR
Nəqliyyat sektorunda daşımaların həcminə görə avtobuslar ən böyük paya malikdir. Hər gün on minlərlə insan ictimai nəqliyyat vasitəsi olaraq avtobuslardan istifadə edir. Avtobusların sərnişinləri arasında hər sahədən və hər təbəqədən olan insanlar var: fəhlə, ziyalı, tələbə, uşaq, qadın, yaşlı, polis, jurnalist və s. Şübhəsiz ki, hər gün hansımızsa haradasa sürücü səriştəsizliyi, sərnişin narazılığı, avtobus qəzalarına da şahid oluruq. Qeyd etdiyimiz kimi, avtobusların sərnişinləri arasında jurnalistlər də az deyil...

Bəs media nümayəndələri avtobus marşrutları ilə bağlı nə düşünürlər? Oxu.Az xəbər verir ki, Modern.az bu mövzu ilə bağlı jurnalistlərin təəssüratlarını təqdim edir.

Milli.az internet portalının əməkdaşı Bəxtiyar Umarlı Binəqədi qəsəbəsinə gedən avtobuslardan danışıb.

“Adətən 133 nömrəli marşrutdan istifadə edirəm. Bu marşrutda avtobusların sayı çox azdır. Təkcə günün pik saatlarında deyil, bütün günü həmin marşrutun avtobusları dolu olur və buna baxmayaraq, sayı artırılmır. Ümumiyyətlə, Binəqədi qəsəbəsinə gedən bütün avtobuslarda səhər saatlarında sıxlıq olur. Dayanacaqda gözləyən insanlar mənzilbaşına çatmaq üçün məcburən taksilərdən də istifadə edirlər”.

Mövqe.az saytının əməkdaşı Zülfiyyə Quluyeva da həmkarı ilə eyni fikirləri bölüşür.

“Mən Binəqədi-Gənclik istiqamətinə sərnişin daşıyan 133 saylı avtobusdan istifadə edirəm. Binəqədi qəsəbə sakinlərinin sayı çox olduğundan, şəhərin mərkəzindən qəsəbəyə bir marşrut azlıq edir. Ona görə də həmişə basabasda gedib gəlirəm. Hər gün pik saatlarında avtobusa minmək üçün son dayanacağa qədər piyada gedirəm ki, heç olmasa ayaqüstə səhər işə, axşam evə çata bilim. Bu avtobusda tək ayaqüstə getdiyim günlər az olmayıb. Ən pisi isə qış aylarında düz qapının ağzında qapısı açıq getməkdir. Buna görə məni kimsə qınamasın, çünki evdə uşaqlarım olduğundan avtobusun boş gəlməsini gözləməyə imkanım olmur. Boş 133-ü heç gecə saat 12-də də tapmaq olmaz. Ona görə hər gün basabasda gedirəm”.

Jurnalist başına gələn maraqlı hadisəni də bizimlə bölüşüb.

“Avtobusda sıxlıq olduğundan sərnişinlər bir-birilərinə narahatlıq yaradır və hər gün dava olur. Bu davalar zamanı bir xanımın atdığı kartof başıma dəyib. Arada saçyolma davasında saçlarım da zərər görüb. Ən maraqlı anlar isə sürücünün qapısı açıq avtobusu yüksək sürətlə idarə etdiyi zaman yaşanır. Sərnişinlər etiraz etsə də, sürücü öz vaxtına çatmaq üçün sürəti artırır. Bizim avtobuslar sınıq-salxaq olduğundan, bir dəfə oturacaqda əyləşəndə ayağım salonun döşəməsindən aşağı düşdü. Baxdım ki, həmin hissə qırıldığından, sürücü döşəməyə dəmir list kəsib qoyub. Belə olaylar 133-də tez-tez baş verir. Amma qeyd edim ki, son günlər sərnişinləri qapısı açıq daşımırlar. Biz bununla bağlı dəfələrlə Bakı Nəqliyyat Agentliyinə şikayət etmişik. Görünür, şikayətimizə görə tədbir görüblər. Sözün açığı, hər gün qapısı bağlı getməkdən məmnun olsaq da, arada bunun yuxu olduğunu düşünürəm. İnanıram ki, Bakı Nəqliyyat Agentliyi sərnişin sıxlığını nəzərə alıb bizim qəsəbəyə yeni xəttin açılması ilə bağlı müsabiqə elan edəcək”.

Xəzər TV-nin “Oyan Azərbaycan” verilişinin müxbiri Aqşin Kazımoğlu ictimai nəqliyyat vasitələrində mədəniyyət qaydalarını xüsusi vurğulayıb.

“Daha çox 6 və 65 nömrəli maşrutlardan istifadə edirəm. Əsas narahatlıq yaradan məsələ sürət həddidir. Lakin ən böyük problem avtobuslardakı insanların mədəniyyət qaydalarını bilməməsidir”.

Azvision.az saytının əməkdaşı Anar Kəlbiyev də mövzuya münasibət bildirib.

“Sumqayıt şəhərində yaşayıram. Hər səhər işə 1 manatlıq taksilərlə gəlirəm. Çünki Bakıya gələn avtobuslarda səhər saatlarında yer tapmaq bir qədər çətindir. Həm də onlar yolda tez-tez dayandığı üçün xeyli zaman itkisinə səbəb olur. Belə olduğu üçün qeyd etdiyim kimi, işə gəlmək üçün daha çox 1 manatlıq taksilərdən istifadə edirəm. Onlarda da 2 dəfə qəzaya düşmüşəm. Xoşbəxtlikdən xəsarət alan olmayıb, amma hər iki qəzada avtomobillərə ziyan dəyib. Bakıda istifadə etdiyim nəqliyyat daha çox “Bakubus”a məxsus avtobuslardır. Onlarda da xidmət yaxşıdır. Bütün nəqliyyat sisteminin belə olmasının tərəfdarıyam”.

“CBC Sport”-un əməkdaşı Urfan Məmmədli adətən Əcəmi-Xırdalan istiqamətində fəaliyyət göstərən 135 nömrəli marşrutdan istifadə etdiyini deyib.

“Bu avtobusların içi digərləri kimi həmişə səliqəsiz və natəmiz olur. Üstəlik, sərnişin tutumu “Man” avtobuslarla müqayisədə azdır. Sözün düzü, əvvəlki “Man” avtobuslarının şəraiti heç də yaxşı deyildi, tez-tez xarab olub, yolda qalırdı. İndikilərdə isə bəzən sərnişin yerləşsin deyə, bilərəkdən oturacaqları çıxarırlar”.

Axar.az saytının əməkdaşı Kamran Ədalət paytaxtın nəqliyyat sistemində olan bərbad vəziyyətin istifadə etdiyi marşrutdan yan keçmədiyini bildirib.

“Mən daha çox 202 nömrəli marşrutdan istifadə edirəm. Yüksək sürət, avtobusların bir-biri ilə yarışı, sürücü mədəniyyətsizliyi başlıca problemlərdir. Bir dəfə Ayna Sultanova səmtində ağır qəzaya düşəcəkdik. Şükürlər olsun, sağ-salamat xilas olduq”.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət